“İnter”in Çempionlar Liqasına qayıdışı: “Lex” klublarımız üçün məğlubedilməzdir
12.07.2010 - 14:14
“İnter”in Çempionlar Liqasına qayıdışı: “Lex” klublarımız üçün məğlubedilməzdir
Sabah son Azərbaycan çempionu - Bakının “İnter” klubu avrokuboklarda yeni mövsümdə ilk sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında (ÇL) təmsil edən “bankirlər” Polşanın “Lex” klubu ilə ilk oyunu evdə keçirəcək. Futbolsevərlərimizə yaxşı tanış olan “Lex” bu cütdə aşkar favorit sayılır. Hər halda, vaxtilə “Karvan”ı İntertoto kubokunda, “Xəzər-Lənkəran”ı UEFA kubokunda hər iki oyunda asanlıqla yenən Poznan təmsilçisi bu dəfə Avropanın ən nüfuzlu turnirində bizi sınağa çəkəcək.

Ardıcıl üçüncü mövsümdür avrokuboklarda çıxış edəcək “İnter” iki illik fasilədən sonra yenidən ÇL həyəcanı yaşayacaq. Həmin vaxt avrokuboklarda debütü uğurla alınan paytaxt təmsilçisi Makedoniyanın “Rabotniçki” klubu səfərdə vurduğu qol hesabına yenmiş, ancaq növbəti mərhələdə güclü rəqib olan Belqrad “Partizan”ına səfərdə uduzmuşdu.

“İnter”i bir ildir çalışdıran gürcü Kaxaber Sxadadzenin debütü elə son avrokuboklarda uğursuz olub. Belə ki, vaxtilə “Karvan”ın UEFA kubokunda hər iki oyunda yendiyi Trnava “Spartak”ı həmin turnirdə analoji nəticəni bakılılarla görüşdə təkrarlayıb. Həmin vaxt yeni işə başlayan Sxadadze artıq komandanı yaxşı tanıyaraq, onu debüt mövsümündə çempion edib. Budəfəki rəqibin daha güclü olduğunu nəzərə alsaq, gürcü mütəxəssisi yenə eyni aqibət gözlədiyi daha real sayılır.

Sözsüz ki, “İnter” “Lex”i keçmək evdə mütləq qalib gəlməlidir. Özü də buna qol buraxmadan nail olmaq lazımdır ki, bir həftə sonra səfərdə çətin vəziyyətə düşməyəsən. Çempionumuz ən pis halda qolsuz bərabərlik edib, növbəti mərhələyə çıxmaq üçün Polşada qollu heç-heçəyə ümid etməlidir. Bu gün Bakıya gələn rəqibin baş məşqçisi üç ildən sonra yenidən ölkəmizə təşrif buyurur. Bu, 2007-ci ildə Polşanın “Qrotslin” klubunun çalışdırıcısı kimi UEFA kubokunda İmişlinin “MKT-Araz” klubunu mübarizədən kənarlaşdıran, Tofiq Bəhramov Respublika stadionunda 0:0 hesabı ilə qane olan Yatsek Jelinskidir. Çempion heyətindən xeyli futbolçu ilə vidalaşan “İnter”in yeni transferlərə imza atandan sonra hansı gücə malik olmasını ÇL oyunu göstərəcək.

Qeyd edək ki, Respublika stadionunda saat 20:00-da başlayacaq “İnter” - “Lex” oyununu isveçrəli FİFA hakimi Saşa Kever idarə edəcək.

Bakının “İnter” klubunun avrokuboklarda çıxışı

2008/09 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsi

Bakı. “İnter” – “Rabotniçki” (Makedoniya) – 0:0
Skopye. “Rabotniçki” – “İnter” – 1:1

II təsnifat mərhələsi
Bakı. “İnter” – Partizan” (Serbiya) – 1:1
Belqrad. “Partizan” – “İnter” – 2:0

2009/10 mövsümü
Avroliqa, I təsnifat mərhələsi

Trnava. “Spartak” (Slovakiya) – “İnter” – 2:1
Bakı. “İnter” – “Spartak” – 1:3

Mehman SÜLEYMANOV