Mahmud Qurbanov: “Buduçnost”u məğlub edəcək gücdəyik
12.07.2010 - 15:22
Mahmud Qurbanov: “Buduçnost”u məğlub edəcək gücdəyik
“Almaniyada yaxşı təlim-məşq toplanışı keçirdik. Orada olduğumuz müddətdə 4 yoxlama oyununda gücümüzü sınadıq. Normal oyunlar oldu. Rəhbərlik komandanın yaxşı hazırlıq keçməsi üçün əla şərait yaratmışdı”. Bu sözləri apasport.az saytına açıqlamasında mövsüm bitəndən sonra “Bakı” ilə yeni müqavilə imzalayan Mahmud Qurbanov deyib.

Karyerasını paytaxt klubunda başa vuracaq 37 yaşlı yarımmüdafiəçi təcrübəli almaniyalı baş məşqçi Vinfred Şaferin rəhbərliyi altında qələbə qazanacaqlarına inandığını vurğulayıb: “Şafer təcrübəli baş məşqçidir. İşini bilən və istəklidir. Heyətə yeni cəlb olunan oyunçuların nəyə qadir olduğu Avropa Liqasının oyunları zamanı ortaya çıxacaq. Amma təcrübəli futbolçular olduğunu deyə bilərəm”.

Avroliqanın II təsnifat mərhələsində Çernoqoriyanın “Buduçnost” klubu ilə oyunlarda şansları dəyərləndirən Mahmud Bakıda iyulun 15-də evdə qələbə qazanmağa borclu olduqlarını söyləyib: “Rəqibi məğlub edəcək gücdəyik. Həm də qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, təbii ki, rəqiblərimizi yenməliyik. Bakıdakı oyunda qələbə qazanacağımıza inanıram”.