Bakının “İnter” klubunun avrokuboklarda tarixi göstəricisi
14.07.2010 - 14:49
Bakının “İnter” klubunun avrokuboklarda tarixi göstəricisi
Son Azərbaycan çempionu olan Bakının “İnter” klubu 1994-cü ildən başlayan avrokubok tariximizdə ilkə imza atdı. Apasport.az saytının hesablamalarına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edən “bankirlər” qitə miqyaslı turnirdə 11 legionerlə meydana çıxan birinci komandamız oldu. Bu, ÇL-in I təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə Tofiq Bəhramov adına Respublikasında keçirilən oyunda (0:1) reallaşdı.

Tarixə düşən start heyətində gürcülər - Georgi Lomaya, İlya Kandelaki, Kaxaber Mjavanadze, David Odikadze, ukraynalılar - Vladimir Levin və Aleksandr Çertoqanov, bolqarlar - Jivko Jelevlə Petar Zlatinov, çexiyalı Bronislav Çervenka, estoniyalı Dmitri Kruqlov və litvalı Robertas Poşkus yer alıb. Düzdür, bu futbolçulardan 6 ildir ölkəmizdə oynayan Levinlə Çertoqanov Azərbaycan vətəndaşlığını daşıyaraq, yığmamızın şərəfini qorusalar da, milliyyətcə ukraynalı olduqlarını nəzərə almaq lazımdır. Bu isə onları da legioner saymağımıza əsas verir.

Ancaq klublarımız üçün məğlubedilməz olan “Lex”in qarşısına 11 əcnəbi çıxaran “İnter” də onun Bakıda 3-cü qələbəsinə mane ola bilmədi. Komandamızın gürcü baş məşqçisi Kaxaber Sxadadzenin ehtiyatda sərəncamında 7 futbolçudan 3-ü özümüzünkü idi. Bunlar 21 yaşlılardan ibarət yığmamızın üzvləri - qapıçı Səlahət Ağayev, yarımmüdafiəçi Şəhriyar Rəhimov və hücumçu Nizami Hacıyevdir. Onlardan yalnız Nizami meydana buraxıldı və “Lex”lə görüşdə iştirak edən yeganə həmyerlimiz oldu. Digər sonradan meydana çıxanlardan Arif Daşdəmirov yığmamızda oynasa da, əslən Dağıstandan olan bu futbolçu da milliləşdirilib.

İndiyə kimi “Karvan”la “Simurq” avrokuboklarda start heyətində ən çox legionerə yer vermişdi - hərəyə 10 nəfər. Onlar qapını özümüzünkünə etibar edib, 10 sahə oyunçusunu meydana buraxmışdı. Elxan Həsənovun qapısını qoruduğu “Karvan” 2006-cı ildə UEFA kubokunun I təsnifat mərhələsində Slovakiyanın “Spartak” klubunu “Şəfa”da 1:0 hesabı ilə yenərək, tarixi qələbə qazanmışdı. Maraqlısı odur ki, qələbə topunun müəllifi sonradan meydana çıxan azərbaycanlı futbolçu - hücumçu Xalid Muradov olub. Cavab görüşündə də eyni hesablı qələbə qazanan Yevlax klubu UEFA kubokunda ilk mərhələ adlayan klubumuz oldu.

Zaqatalanı təmsil edən “Simurq” isə ötən yay Avroliqanın I təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə görüşdə Rauf Mehdiyevi qapıya qoyaraq, 10 əcnəbi ilə meydana çıxmışdı. Həmin vaxt da qonaqlar Respublika stadionunda 1:0 hesablı qələbə qazanmışdı.

Mehman SÜLEYMANOV