“Portadaun” - “Qarabağ” oyununun baş tutmasında problem yaranıb
14.07.2010 - 15:56
“Portadaun” - “Qarabağ” oyununun baş tutmasında problem yaranıb
Azərbaycanı Avroliqada təmsil edən Ağdamın “Qarabağ” klubunun Şimali İrlandiyaya səfəri hələ də baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun çalışdırdığı komandanın bu ölkənin “Portadaun” klubu ilə sabahkı səfər oyunun keçirilməməsi ilə bağlı təhlükə yaranıb.

Əvvəlcə Böyük Britaniyanın ölkəmizdə səfirliyi vizaların verilməsini yubatdı. Nəticədə “Qarabağ” dünən biletlər sifariş etdiyi Bakı-London-Belfast hava reysini buraxmalı oldu. AFFA-nın baş katibi Elxan Məmmədovun məsələyə qarışmasından sonra dünən axşam vizalar verildi. İndi isə Ağdam klubu reyslə bağlı problemlə üzləşib. Çarter reysi ilə sifariş olunan AZAL-ın təyyarəsi Böyük Britaniya ərazisinə buraxılmır. İndi bu məsələ yuxarı dairələrdə həll olunur. Hər halda, “Qarabağ”ın elə bu gün Şimali İrlandiyaya yollanmasına imkan yaradılacağı gözlənilir. Əks halda, komandamız sabah səhər Bakı-London-Belfast reysi ilə səfərə çıxmalı olacaq ki, bu da oyuna az qalmış çatmaq deməkdir. “Qarabağ” oyun öncəsi Portadaun şəhərində məşq keçəcəyinə ümid etsə də, belə gedişlə bu, müşkül məsələdir və elə Bakıda məşqlərlə kifayətlənməli olacaq. İstənilən halda bu problem komandamıza mənfi təsir edəcək və narahatçılıq, yol yorğunluğu sabah birbaşa nəticəyə təsir göstərə bilər.

Qeyd edək ki, “Portadaun” - “Qarabağ” görüşü sabah Bakı vaxtilə saat 23:45-də başlamalıdır.