“Qarabağ” bu gün Portadauna çatdı
15.07.2010 - 09:03
“Qarabağ” bu gün Portadauna çatdı
Avropa Liqasının II təsnifat mərhələsində “Portadaun” klubu ilə qarşılaşacaq “Qarabağ” nəhayət ki, səfər matçının baş tutacağı Şimali İrlandiyaya çatıb. Apasport.az saytının məlumatına görə, Böyük Britaniyaya səfərlə bağlı bir sıra problemlərə üzləşən komanda gec də olsa bugünkü oyunun keçiriləcəyi yerə yollanıb.

“Qarabağ”ı Şimali İrlandiyaya aparan təyyarə dünən Bakı vaxtı ilə 19:30-da paytaxtdan ayrılıb və 4 saat sonra Çexiyanın Brno şəhərində yanacaq ehtiyatı üçün dayanıb. Təxminən bir saatlıq prosedurdan sonra yenidən yola düşən təyyarə Şimali İrlandiyanın paytaxtı Belfasta uçub. Üç saatdan sonra lazım olan məkana çatan “Qarabağ” Şimali İrlandiyanın paytaxtından avtobus ilə Portadaun bölgəsinə yaxınlığındakı Armaxa yollanıb. Bu dəfə yola 1 saatdan artıq vaxt sərf edən ağdamlılar 8 saat 45 dəqiqəlik yolçuluqdan sonra məskunlaşacaqları otelə yetişiblər. Bakı vaxtı ilə səhər saat 4:15-də ora çatan təmsilçimiz oyuna qədər qalan 19 saat yarım vaxt ərzində istirahət etməli olan komandanın yüngül məşq keçəcəyi də planlaşdırılıb.

Qeyd edək ki, “Portadaun” - “Qarabağ” oyunu saat 23:45-də başlayacaq.