“Volqa” klubu Azərbaycan çempionunu transfer etdi
15.07.2010 - 10:38
“Volqa” klubu Azərbaycan çempionunu transfer etdi
Azərbaycan çempionu olan gürcü futbolçu Georgi Novalovski karyerasını Rusiyanın birinci divizionunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Bakının “İnter” klubunun heyətində Premyer Liqamızın qalibi olan 24 yaşlı müdafiəçi “Volqa” komandasına keçib. Nijni-Novqorod təmsilçisi Novalovski ilə müqavilə məsələsini razılaşdırıb. Onun transferində vətəndaşlığının da böyük rolu var. Məsələ ondadır ki, Georgi milliyyətcə gürcü olsa da, ötən ilin martında Rusiya vətəndaşlığını alıb. Bu isə həmin ölkədə legioner sayılmayaraq yerli futbolçu statusu daşıması deməkdir. Rusiya çempionatında legionerlərə limit qoyulduğundan, “Volqa”ya belə futbolçu almaq sərfəlidir.

Qeyd edək ki, Novalovskini müqavilə ilə məxsus olduğu Mahaçqalanın “Anji” klubu “İnter”ə qışda yarım illiyə icarəyə vermişdi. Sol cinah müdafiəçisi icarə müqaviləsi bitəndən sonra Rusiyaya dönməli oldu. “İnter” Georgini saxlamaq istəsə də, “Anji” onu geri qaytarmağı daha üstün tutdu.