“İki hücumçu transfer edəcəyik”
15.07.2010 - 11:19
“İki hücumçu transfer edəcəyik”
Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- Avstriyadakı təlim-məşq toplanışı barədə nə deyə bilərsiniz?
- Orda əsasən fiziki yükləmələrə üstünlük verdik. Futbolçularımız da məşqlərdə həvəslə çalışırdılar. Hazırlıq çərçivəsində 3 yoxlama oyununda gücümüzü sınadıq. Rəqiblər və nəticələr barədə məlumatınız var. Bu cür oyunlarda nəticə önəmli deyil. Qarşılaşmalar zamanı hamıya özünü göstərməsi üçün şans verdim. Qarşıdakı mövsümdə kimlərə ümid bəsləyəcəyimi müəyyənləşdirdim. Yoxlama matçları da pis keçmədi. İki görüşdə uduzsaq da, görmək istədiyim oyunun 60-70 faizinin şahidi oldum. Hələ ki bəzi çatışmazlıqlar var.

- Çatışmazlıqlardan danışdınız. Hansı mövqeləri gücləndirməyə ehtiyac var?
- Əsas çatışmazlıqlar heyətin tam komplektləşdirilməməsi ilə bağlıdır. Xüsusilə də hücum xəttini gücləndirməliyik. Müdafiə və yarımmüdafiədə vəziyyət qənaətbəxşdir.

- Braziliyadan oyunçuların gələcəyini bildirmişdiniz. Bu niyə alınmadı?
- Həmin futbolçuların klubları ilə problemləri yarandı. Ancaq Türkiyəyə gələcəklər. Avstriyada olarkən Makedoniya yığmasının oyunçusu İqor Mireskini transfer etdik. Onun oyununu özüm izləmişdim. Bu futbolçunu bəyənirdim. Sadəcə, Saşa Yunisoğlunun keçidi gündəmdə olduğuna görə müdafiədəki boşluğu onunla doldurmaq istədik. Ancaq Saşa sonradan fikrini dəyişdi. Nəticədə İqorla müqavilə imzaladıq. Futbolçu Bakıya sabah gələcək. İndi 7-8 oyunçumuz var ki, onları müxtəlif mövqelərdə oynatmaq mümkündür.

- Bəs Türkiyədəki toplanışa qatılacaq yeni futbolçular kimlərdir?
- Ad çəkmək istəmirəm. Bu məsələ tam təsdiqini tapdıqdan sonra ictimaiyyətə açıqlama verə bilərik. Komandaya 2 hücumçu götürməyi düşünürük. Bu mövsüm yerli futbolçulara üstünlük verəcəyik.

- Komanda məşqlərini nə vaxt bərpa edəcək?
- İki günlük istirahət vermişik. İyulun 16-da iki məşq keçəcəyik. Ertəsi gün bir məşq və bir oyun nəzərdə tutulub. Rəqibimiz “Qəbələ” olacaq. İyulun 18-də bir məşqimiz olacaq. Bir gün sonra isə Türkiyəyə yollanacağıq və iyulun 29-na qədər orada qalacağıq.

- Aleksandr Burdili komandada qalacaq?
- . İlk vaxtlar onun fiziki hazırlığı yerində deyildi. İndi hər şey qaydasındadır. Təcrübəli futbolçudur və bizə xeyri dəyəcək.

- Sonda Premyer Liqanın formatı barədə fikrinizi bilmək maraqlı olardı...
- Edilən düzəliş yaxşıdır. Artıq keçid oyunlar olmayacaq. Ötən il iddialı klublar birinci “altılıq”a namizəd komandalara qarşı ciddi oynayır, digərlərinə əhəmiyyət vermirdi. İndi intriqa artacaq. Bu da müsbət amildir.