Şaşa Kaykut Feliks Felipe Almeydanın nailiyyətini təkrarladı
16.07.2010 - 15:16
Şaşa Kaykut Feliks Felipe Almeydanın nailiyyətini təkrarladı
“Bakı” klubunun avrokuboklarda ardıcıl ikinci mövsümdür yeni transferləri fərqlənir. Apasport.az saytının hesablamalarına görə, ölkə kubokunun qalibinin son transferi olan bosniyalı hücumçu Saşa Kaykut braziliyalı həmkarı Feliks Felipe Almeydanın nailiyyətini təkrarladı. Hər iki legioner son iki mövsümdə “Bakı”nın avrokuboklarda ilk qollarının müəllifi olur. Özü də həm Feliks, həm də Saşa bunu komandada debüt oyunlarında reallaşdırır və hər iki halda hesabı 1:1 ediblər.

24 yaşlı Almeyda Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Litvanın “Ekranas” klubu ilə səfər oyununda (2:2) rəqib qapısına yol tapıb. 26 yaşlı Kaykut isə Avroliqanın II təsnifat mərhələsində Çernoqoriyanın “Buduçnost” klubu ilə ilk görüşdə qol vurub. Ancaq fərq ondadır ki, “Bakı”nın yeni legioneri bu dəfə evdə fərqlənib və komandamız sonda qələbə qazanıb – 2:1.

Vətənində “Zemun” komandasından gələn Şasa “Bakı”nın UEFA-ya göndərdiyi iştirak ərizəsinə əlavə etdiyi son futbolçudur. Qaydaya görə, klublar oyuna bir sutka qalmış daha bir futbolçu sifariş edə bilər və bakılılar da bundan istifadə etməklə, yeni transferin bəhrəsini gördülər. “Buduçnost”la görüşdə qələbə topunun müəllifi olan braziliyalı hücumçu Jaba isə ötən çempionatımızda vurduğu 11 topla “Bakı”nın bombardiri oldu. 29 yaşlı futbolçunun debütü keçən yay elə Avroliqada ev oyununda, IV təsnifat mərhələsində İsveçrənin “Bazel” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə (1:3) olsa da, avrokuboklarda qol hesabını aça bilməmişdi.

Qeyd edək ki, “Bakı” yarandığı altı ilin yalnız birində (2008-ci ildə) avrokuboklara vəsiqə qazana bilməyib. “Zolaqlılar” qitə miqyaslı turnirdə hər mövsümdə qol vurmağı bacarıb. “Bakı”dan UEFA kubokunda (ötən ildən Avroliqada) Almeyda, Kaykut və Jaba ilə yanaşı, Ceyhun Sultanov, latviyalı Andrey Ştoltsers, argentinalı Fernando Peres, Çempionlar Liqasında Fərid Quliyev, braziliyalı Vilyam Roşa Batista, xorvat Aleksandar Şoliç, gürcü Amiran Muciri qol vurub. ÇL-də 3 qol vuran Feliks Avroliqada, Amiran isə İntertoto kubokunda da fərqlənib. “Bakı”nın avrokuboklarda 15 qoldan 1-i isə Moldovanın “Daçiya” klubunun futbolçusu Maksim Andronikin İntertotoda avtoqolu hesabına yazılıb.

Mehman SÜLEYMANOV