Rəşad Sadiqov: Meydana çıxanda ayaqlarımız tutulmuşdu
16.07.2010 - 15:37
Rəşad Sadiqov: Meydana çıxanda ayaqlarımız tutulmuşdu
“Görüşün əvvəli çətin keçdi. Uzun yol qət etmişdik. Gecə saat 2-də İrlandiyaya çatdıq, ertəsi gün oyuna çıxdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov deyib.

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Portadaun” klubu ilə qarşılaşan “Qarabağ” səfərə çətinliklə yollanmışdı. Əvvəlcə viza problemi, sonra isə çarter reysi ilə Belfasta uçmaq istəyən Ağdam təmsilçisini aparacaq təyyarə üçün London hava limanının təhlükəsizlik xidmətinin rəhbərliyinin hava məkanını bağlı elan etməsi az qala Qurbanovun yetirmələrini oyunu buraxmaq məcburiyyətində qoyacaqdı. Əslində, 9 saatlıq yol qət edən əyalət klubunun üzvləri yol yorğunluğunu meydanda hiss edib: “İlk yarım saat ərzində ayaqlarımız tutulmuşdu. Yalnız qol buraxdıqdan sonra özümüzə gəldik. Bundan sonra rəqibi meydanın özünə aid hissəsinə sıxmaqla, üstünlüyü tamamilə əlimizə keçirdi. Sonda qələbə qazandıq”.

Yığmamızın da formasını geyinən Sadiqov cütün taleyinin həll olunmadığını da vurğulayıb: “Portadaun” “Skonto” ilə öz meydanında heç-heçə edib, səfərdə qələbə qazandı. Bunu nəzərə alıb, biz də cavab oyununda ancaq qələbə qazanmalıyıq. Yəni sayıqlığı əldən verməməliyik”.