Qurban Qurbanov öz rekordunu yenilədi
16.07.2010 - 16:18
Qurban Qurbanov öz rekordunu yenilədi
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov özünəməxsus olan Azərbaycan rekordunu yeniləyib. Apasport.az saytının hesablamalarına görə, 38 yaşlı mütəxəssis Şimali İrlandiyada “Portadaun”la oyunda 6-cı dəfə avrokubok matçında qələbə sevinci yaşayıb. Cari mövsümün startınadək rekordçulara şərik olan, I təsnifat mərhələsinin “Metallurq” (Makedoniya) oyununda zirvəyə yüksələn Qurbanov artıq izləyiciləri ilə fərqi də artırıb.

Maraqlıdır ki, oyundan-oyuna irəli, rekordlara “qaçan” çalışdırıcını heç qovan da yoxdur. Belə ki, 1-dən çox qələbə qazanan digər 5 mütəxəssisin heç biri hazırda iş başında deyil. Daha doğrusu, baş məşqçi kimi çalışmır. Yəni, bu çalışdırıcıların Qurbanova yaxınlaşması belə mümkünsüz görünür.

Ümumilikdə, klublarımızın qitə kuboklarında qazandığı 29 qələbə 14 baş məşqçinin rəhbərliyi altında əldə olunub. Onlardan da yalnız 3-ü hazırda Azərbaycan komandalarında baş məşqçi kimi fəaliyyət göstərir. Qurbanovla yanaşı, hərəyə 1 qələbə qazanan Qyoko Hacıyevski və onun “Bakı”dakı xələfi Vinfred Şafer də iş başındadırlar. Lakin onların hər ikisi Qurbanovdan hələ çox uzaqdır. Buna yaxın olan Böyükağa Ağayev isə yalnız köməkçi-məşqçi kimi fəaliyyət göstərir. Onun da çalışdığı, Hacıyevskinin rəhbərlik etdiyi “Simurq” avrokuboklardan kənarda qalıbsa, almaniyalı liderə bu il çatmaq üçün “möcüzə”yə ümid etməlidir. Bunun üçün bakılıların qrup mərhələsinədək irəliləməsi belə kifayət etməyə bilər.

Yeri gəlmişkən, Çernoqoriyanın “Buduçnost” klubunu 2:1 hesabı ilə məğlub edən “Bakı”nın çalışdırıcısı avrokuboklarda qələbə qazanan 14-cü məşqçimiz oldu. Şafer buna sevinən 4-cü əcnəbi məşqçi olmaqla, gəlmələrin 6-cı qələbəsinə şahidlik etdi.

Qeyd edək ki, 12 baş məşqçi qələbə üzünə həsrət qalıb.

Klublarımızın avrokuboklardakı qələbələrinin “memar”ları

1. Qurban Qurbanov – 6 (“Neftçi” – 1, “Qarabağ” - 5)
2-3. Ağasəlim Mircavadov (“Şəmkir” – 1, “Neftçi” - 3), Böyükağa Ağayev (“Qarabağ” – 1, “Xəzər Universiteti” - 3) - 4
4. Anatoli Demyanenko (“Neftçi”) – 3
5-6. Kazbek Tuayev (“Neftçi”), Yunis Hüseynov (“karvan”) - 2
7-14. Mehman Allahverdiyev (“Kəpəz”), Nadir Qasımov (“Bakı fəhləsi”), Asəf Namazov (“Neftçi”), İqor Nakoneçnı (“MKT-Araz”), Əsgər Abdullayev, Böyükağa Hacıyev, Qyoko Hacıyevski, Vinfred Şafer (hamısı “Bakı”) – 1

Vüqar XEYRULLAYEV