“Beşiktaş” klubu ilə oynamaqdansa, “Visla” variantı daha yaxşıdır”
16.07.2010 - 23:03
“Beşiktaş” klubu ilə oynamaqdansa, “Visla” variantı daha yaxşıdır”
“Visla”nı keçməyə ümidimiz daha çoxdur. Düzdür, Polşa təmsilçisi heç də zəif rəqib deyil. Hər halda, mərhələ keçmək istəyiriksə, “Beşiktaş” kimi komanda ilə qarşılaşmaqdansa, “Visla” variantı daha əlverişlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Zaur Həşimov deyib.

Dünən keçirilən püşk Avropa Liqasının III mərhələsinə vəsiqə qazanacağı təqdirdə “Qarabağ”ın “Visla” ilə qarşılaşacağını rəsmiləşdirdi. Lakin bu oyunun baş tutması üçün Ağdam təmsilçisinin “Portadaun” səddini keçməsi vacibdir. Səfərdə 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ”ın işinin bir qədər yüngül olduğunu düşünmək olar.

Polşa təmsilçisi ilə matçda komandaların şanslarını dəyərləndirən Həşimov rəqibdən çəkinmədiklərini açıqlayıb: “Sözün düzü, bizim “Portadaun” səddini aşmamız lazımdır. Bundan sonra Polşa klubu ilə oyun haqqında düşünmək olar. Ancaq içimdə qorxu hissi yoxdur. Hamımız vuruşacağıq. Ciddi hazırlaşıb, yaxşı nəticə qazanmağa çalışacağıq”.