Moldova yığmasının üzvü “Turan”da
17.07.2010 - 15:33
Moldova yığmasının üzvü “Turan”da
Tovuzdakı hazırlıqları başa vuraraq yoldaşlıq görüşləri keçirmək üçün Bakıya gələn “Turan”ın heyətində 2 Moldovalı futbolçu baxışdadır. Apasport.az saytının xəbərinə görə, bunlardan 25 yaşlı Viktor Marian daha məşhurdur.

Moldova və Rumıniyanın bir neçə komandasında oynamış futbolçu son mövsümü ölkəsinin “Vitorul” klubunda keçirib. Ön müdafiəçi mövqeyində çıxış edən Marian ötən mövsüm Moldova çempionatında meydana çıxdığı 23 oyunda 2 qol vurub. 2009-cu ildən Moldova yığmasına da cəlb olunur. Ötən il yığmasının Makedoniya ilə oyununda debüt etsə də, bu il keçirilən görüşləri ehtiyat oyunçular skamyasından izləyib.

Digər futbolçu Viktor Qunta isə Moldovanın gənclərdən ibarət yığmasının üzvü olub. 22 yaşlı futbolçu da “Vitorul”dan gəlib. Hücumçu burada keçirdiyi 12 oyunda 3 qol vurub. Maraqlıdır ki, bu qollardan birini hücumçu son turda “Xəzər-Lənkəran”ın rəqibi olmuş “Olimpiya”nın qapısından keçirib. “Vitorul”dan əvvəl “Akademiya” klubunda da oynamış Qunta burda 20 oyuna 9 qol vurub.

Hər iki futbolçu haqda keçiriləcək yoxlama görüşlərindən sonra qərar veriləcək.