6 klub AFFA-ya müraciət edib
19.07.2010 - 13:33
6 klub AFFA-ya müraciət edib
“Azərbaycan Premyer Liqasında çıxış edən 6 klub bizə müraciət edib. Onlar U-13, U-15, U-17 liqaları ilə yanaşı, U-19 liqasının da təşkil olunmasını istəyirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, jurnalistlərlə bu gün keçirilən görüşdə bildirib ki, oktyabrda 19 yaşlı futbolçulardan ibarət komandalar üçün turnir təşkil olunacaq: “Klublar 17 yaşı keçən futbolçularının oyun praktikası ilə bağlı problem yaşamasından narahatdır. Elə bizim araşdırmalar da göstərir ki, U-17-də oynamış futbolçuların müəyyən hissəsi sonradan karyerasını da bitirir. Buna onların həmin vaxt peşəkar karyeralarını başlaya bilməməyi səbəb olur”.

Baş katib bunun qarşısını almaq üçün tədbirlərin görüləcəyini açıqlayıb: “Bu ilin oktyabrında həmin problemi qabardan 6 komandanın iştirakı ilə turnirə başlayacağıq. Digər klublar da maraq göstərəcəkləri halda, yarışda iştirak edə biləcək. Artıq 2011/12 mövsümündən isə U-19 liqasını təşkil etmək fikrimiz var”.

Qeyd edək ki, 2009/10 mövsümündə U-13, U-15 və U-17 liqalarını təşkil edən AFFA bu ildən etibarən U-14-lərin də yarışını keçirəcək.