Nizami Hacıyev: Ürəyimə damıb ki, “Lex”ə qalib gələcəyik
19.07.2010 - 23:01
Nizami Hacıyev: Ürəyimə damıb ki, “Lex”ə qalib gələcəyik
“Onlar fikirləşməsinlər ki, Bakıda 1:0 hesabı ilə qələbə qazanıblar və cavab görüşündə də asan qalib gələcəklər. Xeyr! Belə bir şey ola bilməz”. Bu sözləri apasport.az saytına açıqlamasından Bakının “İnter” klubunun futbolçusu Nizami Hacıyev deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Polşa təmsilçisi “Lex”ə minimal hesablı məğlub olan “İnter” cavab qarşılaşmasına ciddi hazırlaşır. 22 yaşlı yarımmüdafiəçi cavab qarşılaşması haqda nikbin fikirdədir: “Bizim futbolçular meydanda ürəklərini qoyacaqlar. Biz bir ailəyik. Nəsə ürəyimə damıb ki, oradakı oyunda qələbə qazanacağıq. Düzdür, bu fikirlər kiməsə real görünməyə bilər. Çünki Azərbaycanda pessimist fikirli insanlar çoxdur. Onlar fikirləşirlər ki, evdə uduzublarsa, səfərdə də məğlub olacaqlar”.

Hacıyev “Lex”in onlardan elə də güclü komanda olmadığını bildirərək, ən pis halda məğlub olmayacaqlarını vurğulayıb: “Lex” elə də güclü deyil. Ancaq yaxşı formalaşmış komandadır. Biz heç bir cəhətdən onlardan zəif deyildik. Niyə səfərdə qələbə qazanmayaq? Onlar kimi, biz də peşəkar futbolçularıq. Düzdür, futbolda 3 nəticəli oyundur, ancaq mənim şəxsi fikrimdir, biz orada qələbə qazanacağıq. Ən pis halda, məğlub olmayacağıq”.