“Xəzər-Lənkəran”a tarix yazmağa gəlmişəm”
19.07.2010 - 17:35
“Xəzər-Lənkəran”a tarix yazmağa gəlmişəm”
“Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisi Mirça Rednik bu gün mətbuat konfransı keçirib. Komandanın vitse-prezidenti Tuyqun Nadirovun da qatıldığı tədbirdə rumıniyalı çalışdırıcı apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

- “Xəzər-Lənkəran”ı seçməyinizdə əsas amil hansıdır?
- Böyük klub olduğuna görə gəlmişəm.

- Əvvəllər bu klubu tanıyırdınızmı?
- Vaxtilə “Xəzər-Lənkəran”da oynamış həmyerlilərim Robert İlyeş, Daniel Muntyanu, “Neftçi”nin sabiq rumıniyalı futbolçusu Marian Aliutadan məlumat almışam. Hamısı xoş sözlər deyib, böyük, sevimli klub olduğunu söyləyib. Bütün bacarığımızı ortaya qoyub, nailiyyət qazanmaq istəyirik. Bura oturmağa gəlməmişik. “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla söhbət etmişəm. Böyük hədəfləri olan insandır. Onun etimadını doğrultmağa çalışacağıq.

- Qarşıya hansı məqsəd qoyulub?
- Kluba böyük sərmayə qoyulub. Bura çempion olmaq üçün gəlmişik. Ancaq bu, ilk hədəfimizdir. Bununla kifayətlənməyib, Avropada uğur qazanmaq istəyirik.

- “Xəzər-Lənkəran”ın Avropada uğurunun olmamağı sizi qorxutmur?
- Bura tarix yazmağa gəlmişik. Rəhbərliklə əl-ələ verib, məqsədimizə nail olmağa çalışacağıq.

- Seleksiya ilə bağlı hansı işlər görəcəksiniz?
- Hələ öz futbolçularımızı öyrənməyə çalışacağıq. Bundan sonra seleksiya haqda düşünəcəyik. Komanda ilə Bakıda toplaşıb, tanış olacağıq. Həftə ərzində futbolçuların durumuna baxıb, qərar verəcəyik.

- On ildir məşqçi işləyirsiniz və böyük uğurlarınızı ancaq Rumıniyada qazanmısınız. “Xəzər-Lənkəran”da da buna nail olacağınıza ümid edirsiniz?
- Bura gəlməkdə məqsədim elə budur.

- Hələ futbolçu almayacağınızı desəniz də, Rumıniya mətbuatında verdiyiniz açıqlama yığmanızın üzvü Kristea ilə maraqlandığınızı söyləmisiniz...
- Mən belə söz deməmişəm. Bu, jurnalistin fikridir. Ümumiyyətlə, mənim müqavilə bağlayandan sonra nə Rumıniyada, nə də Azərbaycanda hansısa jurnalistlə söhbətim olub.

- “Xəzər-Lənkəran”ın avrokuboklarda oyununu izləmisiniz? Belədirsə, sizdə hansı təəssürat bağışlayıb?
- “Xəzər-Lənkəran” Moldovanın “Olimpiya” klubu ilə görüşdə bəxtsizlik sayəsində növbəti mərhələ keçə bilmədi. Halbuki, hər kəs Lənkəran klubunun Buxarest “Dinamo”su ilə oynayacağını gözləyirdi. Ancaq nəsə alınmadı.

- Əksər klublarda qısa müddət çalışmısınız. “Xəzər-Lənkəran”la uzun müddətli işbirliyi qura biləcəksiniz?
- Qısa müddət çalışmağım indiyə kimi işlədiyim klub rəhbərlərinin problemi olub. “Rapid”, Buxarest “Dinamo”su ilə Rumıniya çempionu olandan sonra güclü futbolçular alınmasını istəmişəm. Onlar isə bunu etməyiblər. Nə “Rapid”, nə də “Dinamo” məndən sonra uğur qazanıb. Ümumiyyətlə, Rumıniyada futbolçu almaq çətindir. Çünki orada güclü pul xərcləyib, oyunçu almaq istəmirlər.

- Rusiyanın “Alaniya” klubu Premyer Liqaya çıxandan sonra komandanı tərk etdiniz. Orada niyə qalmadınız?
- Özüm qalmaq istəmədim.

- “Xəzər-Lənkəran”ın şəraiti ilə tanış olmusunuz?
- İnternetlə baxmışam. “Xəzər-Lənkəran” ən yaxşı şəraitə malik klublardan biridir. Heç Rumıniyada belə şəraiti olan klub yoxdur.

- “Xəzər-Lənkəran” böyük azarkeş ordusuna malik klubdur və onlar yalnız qələbə istəyir. Oradakı uğursuzluq sizi qorxutmur?
- Futbolun qaydası, qanunu belədir. Hər yerdə yerli komandana yalnız qələbə tələb edilər. Ona görə də baş məşqçi hər şeyə hazır olmalıdır.