Mirça Rednikin Azərbaycana gec gəlməsinin səbəbi müəyyənləşdi
19.07.2010 - 17:52
Mirça Rednikin Azərbaycana gec gəlməsinin səbəbi müəyyənləşdi
“Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov yeni baş məşqçiləri Mirça Rednikin Azərbaycana gec gəlməsinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Nadirov bu gün rumıniyalı mütəxəssislə birgə keçirdikləri mətbuat konfransında onun müqavilə bağlayandan dərhal sonra ölkəmizə gəlməməyini belə izah edib: “Rednik Belçikada yaşayır. O, müqavilə bağlamağa Türkiyəyə gəlmişdi. Bundan dərhal sonra vətəninə yollanıb, ailəsi ilə görüşdü. Nəticədə müqavilədən iki gün sonra bura gəldi. Gecikməyinin səbəbi budur”.

Rumıniya ilə yanaşı, yaşadığı Belçikanın da vətəndaşlığını daşıyan Rednik yeni komandasını Bakıda bir araya gətirəndən sonra Lənkərana yollanacaq. Təcrübəli çalışdırıcı orada yaxşı şəraitdə hazırlığını davam etdirəcək. Nadirov ilk yoxlama oyunu bu şənbə Lənkəranda keçirəcəklərini bildirib: “Həmin gün əvəzedici komandamızla görüşəcəyik. Ehtiyac olarsa, növbəti yoxlama oyunları ya komandaları Lənkərana dəvət edə, ya da özümüz Bakıya gələ bilərik”.