Jaba söz verdi
20.07.2010 - 09:26
Jaba söz verdi
“İlk oyunda çətinliklə də olsa, qələbə qazandıq. İndi qarşıda bizi daha gərgin 90 dəqiqə gözləyir. Bununla belə, çalışıb səfər matçında da rəqibi məğlub etməliyik. Bakıya qələbə ilə dönmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Bakı”nın braziliyalı hücumçusu Jaba deyib.

“Buduçnost”la Avroliqanın II təsnifat mərhələsinin ilk oyununun 93-cü dəqiqəsində vurduğu qolla paytaxtın eyniadlı komandasına qələbə qazandıran futbolçu klubun saytına açıqlamasında bildirib ki, cavab görüşündə də fərqlənməyə çalışacaq: “İkinci oyun heç də asan olmayacaq. Lakin biz ötən qarşılaşmanın ikinci hissəsində olduğu kimi, hücumda fəallıq göstərsək, rahat qələbə qazana bilərik. İlk görüşdəki kimi bu matçda da qol vurmaq istəyirəm”.

Qeyd edək ki, “Buduçnost”la ilk matçda 2:1 hesabı ilə qələbə qazanan “Bakı” cavab qarşılaşmasına iyulun 22-də Çernoqoriyada çıxacaq.