Georgi Adamiya: Heç-heçə haqda düşünsək, qol buraxa bilərik
20.07.2010 - 14:50
Georgi Adamiya: Heç-heçə haqda düşünsək, qol buraxa bilərik
“Hansı növbəti mərhələ? Biz hələ “Portadaun”u keçməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Georgi Adamiya deyib.

Gürcüstanlı yarımmüdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin Şimali İrlandiya təmsilçisi “Portadaun”la cavab oyunu ərəfəsində fikirlərini açıqlayıb: “İndidən III təsnifat mərhələsini düşünsək, heç hara çıxa bilmərik. Səfərdəki qələbədən sonra çoxları bizi artıq növbəti mərhələdə görür. Lakin hadisələri qabaqlamaq lazım deyil. Bakıdakı oyunda da qələbə üçün mübarizə aparacağıq. Heç-heçə haqda düşünsək, qol buraxa bilərik. Ümid edirəm ki, azarkeşlərimizi baxımlı oyunla sevindirəcəyik”.

Adamiya irlandiyalılarla cavab oyununda qol vurmaq haqda düşünür: “Portadaun”la ilk oyun öncəsi Rəşad Sadiqovun qızının dünyaya gəldiyindən xəbər tutduq. Bunu meydanda qeyd etmək istəyirdik. Fikirləşirdim ki, qol vurub bunu balacaya həsr edim. Amma alınmadı. Lakin biz qalib gəldik ki, bu da Sadiqov üçün yaxşı hədiyyədir. Başa düşə bilmirəm ki, qol vurmağıma nə mane olur. Həm fiziki, həm psixoloji cəhətdən hər şey qaydasındadır. Lakin nə isə alınmır. “Portadaun”la cavab oyununda fərqlənib, azarkeşlərimizi sevindirməyə çalışacağam”.

Mənbə: extratime.az