Oyunları 5 hakim idarə edə bilər!
20.07.2010 - 15:40
Oyunları 5 hakim idarə edə bilər!
Beynəlxalq Futbol Birliyi Təşkilatı (İFAB) iyulun 22-də Uelsin paytaxtı Kardiffdə növbəti toplantısını keçirəcək. Apasport.az saytının məlumatına görə, FİFA-nın futbol qaydalarının müəyyənləşdirən beynəlxalq qurum keçirəcəyi toplantıda 5 hakimlik idarəçilik sistemini müzakirə edəcək.

Bir çox federasiyanın təklif etdiyi 5 hakimlik idarəçilik modelini ciddi-ciddi nəzərə alan təşkilat matçlarda texnologiyanın xidmətindən istifadə edilib-edilməməsi məsələsini gündəminə daxil etməyib. İclasın əsas gündəm maddəsi məhz 5 hakimlik idarəçilik sistemidir.

Qeyd edək ki, bir müddət əvvəl Cənubi Afrika Respublikasında təşkil olunan XIX dünya çempionatında hakimlərin buraxdıqları kobud səhvlərdən sonra texnologiyanın yardımından istifadə edilməsi məsələsini ortaya atılmışdı.