Almaniyada İstanbul derbisi: “Qalatasaray” – “Fənərbaxça!
20.07.2010 - 17:32
Almaniyada İstanbul derbisi: “Qalatasaray” – “Fənərbaxça!
Sabah Türkiyə Super Liqasının əzəli rəqibləri - “Qalatasaray” və “Fənərbaxça” klubları növbəti dəfə qarşılaşacaqlar. Apasport.az saytının məlumatına görə, Spor Toto Dostluq Kuboku çərçivəsində üz-üzə gələcək komandalar Almaniyada qüvvələrini sınayacaqlar. 101 illik “mehriban düşmənlər” Mönhenqladbaxın “Borussiya Park” stadionunda meydana çıxacaqlar.

İlk dəfə 1909-cu ildə görüşən “Qalatasaray” və “Fənərbaxça” arasında keçiriləcək bu oyun sayca 364-cüdür. Bunların 138-də “sarı-lacivərdlilər”, 116-da “sarı-qırmızılar” qələbə qazanıblar. Derbi matçında 110 qarşılaşma isə sülhlə başa çatıb.

Bu görüşlərdə “Fənərbaxça” 511 dəfə rəqib qapısına yol tapıb. “Cim Bom” isə bu qollardan 463-ünün cavabını verib.

Qeyd edək ki, Almaniyada 4-cü dəfə oynayacaq “Qalatasaray” və “Fənərbaxça” komandalarının qarşılaşmasında hesab “bərabərdir”. 1980-cı ildə Offenbaxda “Vətən kuboku” uğrunda görüşdə “sarı bülbüllər” 3:2 hesabı ilə qələbə qazandıqları halda, 10 il sonra Kölndə yoldaşlıq matçında “Qalatasaray” 2:0 hesabı ilə qalib gəlib. 1996-cı ildə isə Frankfurtda baş tutan bu komandaların duelində fərqlənən olmayıb – 0:0.