Vinfred Şafer: Onlara səhvlərini başa salmışam - MÜSAHİBƏ
21.07.2010 - 23:51
Vinfred Şafer: Onlara səhvlərini başa salmışam - MÜSAHİBƏ
Azərbaycanı Avroliqada təmsil edən “Bakı” “Buduçnost”la cavab görüşü öncəsi son məşqini Podqoritsada oyun keçiriləcək stadionda keçirdi. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş əməkdaşının məlumatına görə, “zolaqlılar”ın almaniyalı baş məşqçisi Vinfred Şafer məşqdən öncə mətbuat konfransı keçirdi. Yerli jurnalistlərin iştirak etdiyi mətbuat konfransında daha çox Azərbaycandan gələn media nümayəndələri idi.

- Cavab oyunu haqda fikirlərinizi bildirərdiniz...
- Hələ Bakıdakı oyundan sonra demişdim ki, qələbəyə görə şadam. Düzdür, qələbə minimal fərqli, 2:1 oldu. Ancaq məni qane edən əzmkarlığın olmasıdır. Buna çox sevindim və bu, futbolçuların əhval-ruhiyyəsinə çox müsbət təsir göstərdi. Əslində, ilk oyunda daha böyük hesabla qələbə qazanmalı idik. Sadəcə, bəxtimiz gətirmədi. Oyun keçiriləcək stadionu bəyəndim. Fikrimcə, çətin və maraqlı matç olacaq. İstəyimiz növbəti mərhələyə çıxmaqdır.

- Yerli azarkeşlər “Buduçnost”un komandanızla oyununu boykot edir...
- Buna dəqiq cavab verə bilmərəm. Onu bilin ki, bunun bizim üçün fərqi yoxdur. İstənilən halda, qələbəyə oynayacağıq.

- Rəqib komandanın baş məşqçisi erkən qol arzulayır. O, ilk 15 dəqiqədə qapınıza yol tapmaq istəyir...
- Onun nə deməyi bizim üçün önəmli deyil. Biz nəinki 15, hətta ilk 10 dəqiqədə irəli atılacağıq. Qətiyyən müdafiədə oturmayacağıq. Bütün komanda ilə erkən qol vurmağa çalışacağıq. Bunu görəcəksiniz. Bizdə erkən qol vura bilən yaxşı futbolçular var.

- Bilirik ki, “Bakı”nın böyük hədəfləri var. Mübarizəni burda başa vursanız, hansı addım atacaqsınız?
- Bu haqda heç fikirləşmirəm. Yalnız qələbə haqda düşünürük. Başqa şey fikirləşsəydik, heç bura gəlməyə dəyməzdi. Qələbədən başqa heç nə düşünə bilmərəm.

– “Buduçnost”un heyətində hansı futbolçuları bəyəndiniz? Rəqib komandadan hansı oyunçuları sərəncamınızda görmək istəyərdiniz?
- Qapıçını çox bəyəndim. O, fantastik oynadı. 3-4 qol real şanslarımızdan istifadə etməyə imkan vermədi. Bir də “Buduçnost”un kapitanı xoşuma gəldi. Almaniyanın “Koblents” klubunda oynayıb.

- Start heyətini müəyyənləşdirmisiniz?
- Bəli. İlk “11”-lik beynimdə hazırdır.

- “Bakı”ya cavab görüşündə uğurlar arzulayırıq...
- Buna görə sizlərə təşəkkür edirəm. Bilirik ki, hamınız bizdən qələbə gözləyirsiniz. Etimadı doğrultmağa çalışacağıq. Futbolçularımla söhbətim əsnasında onlara səhvlərini başa salmışam. İstəyirəm ki, bunları təkrarlamasınlar. Həmişə hər şeyə nikbin baxıram və ancaq qələbə gözləyirəm. Əsas odur ki, futbolçular yalnız qələbəyə fikirlərini cəmləsinlər. Bilin ki, bura qələbədən başqa heç nəyə gəlməmişik. Hesabı erkən açsaq, rəqibin işi daha çətin olacaq. Çünki onlara 2-3 qol vurmaq artıq çətin olacaq.

Mehman SÜLEYMANOV