“Lex”in baş məşqçisi: “İnter” ömrümün ilini aldı
22.07.2010 - 09:34
“Lex”in baş məşqçisi: “İnter” ömrümün  ilini aldı
“Bakının “İnter” klubu ilə oyunda mən ömrümün ilini itirdim. Özü də bu dəqiqdir. Azarkeşlərimiz də çox məyusdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşa çempionu “Lex”in baş məşqçisi Yatsek Zelinski deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin Poznan şəhərindəki cavab oyununda Bakının “İnter” klubuna 0:1 hesabı ilə uduzan polşalıların çalışdırıcısı matçdan sonra çox üzgün olub. Komandası penaltilər seriyasındakı qələbə ilə mərhələ adlasa da Zelinski qarşılaşma boyu yaşadığı gərginliyi mətbuat konfransında açıqlayıb: “Dəhşətli idi, lap birinci dərəcəlisindən. Mən hələ ilk oyundan sonra demişdim ki, heç də hər şey bitməyib, Avropada zəif komandalar yoxdur. Əgər ilk 15 dəqiqədəki imkanlardan istifadə etsəydik belə olmazdı. Futbolçularımız da penaltilər seriyasında çox əsəbiləşdilər”.

Qeyd edək ki, “Lex” “İnter”i penaltilər seriyasında 9:8 hesabı ilə məğlub edib.