“Mpenzanın Bakıdan aldığı təklif çox cəlbedicidir” – MÜSAHİBƏ
23.07.2010 - 15:57
“Mpenzanın Bakıdan aldığı təklif çox cəlbedicidir” – MÜSAHİBƏ
Belçika yığmasının futbolçusu Emil Mpenzanın agenti Rəşid Tamut müsahibə verib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçunun nümayəndəsi Emilin Bakı klublarından birinə keçidindən danışıb.

- Emilin Azərbaycan klubundan təklif alması doğrudur?
- Bəli, həmin komandanın rəhbərliyi Mpenzaya təklif göndərib, özü çox cəlbedicidir! Onlar doğru-dürüst insanlardır. Mən neçə vaxtdır onlarla əməkdaşlıq edirəm.

- Mpenzanın şərəfini qoruduğu İsveçrənin “Syon” klubunun prezidenti Kristian Konstantini azərbaycanlıların təklifinin maliyyə tərəfindən narazılıq edir...
- Bu, yalandır. Bakılılar danışıqların birinci mərhələsindən sonra qiyməti qaldırmağa razı oldular. Bu günlərdə danışıqların növbəti mərhələsi başlamalıdır.

- Bəs futbolçunun özü “Syon”da qalmaq variantını mümkün sayır?
- Ümid edirəm ki, Konstantini şüurlu qərar verərək, təklifi qəbul edəcək. O, bir il Emilin xidmətindən yararlanıb. Bunun müqabilində futbolçunu buraxmaqla, mükafatlandırmaq olar. Müştərim “Syon”la anlaşanda, mən hayqırmaq istəyirdim. Çünki Emil çox tez və aşağı məbləğə razılaşmışdı. Buna baxmayaraq, il boyu canla-başla komandaya xidmət etdi.

- Emil niyə “Syon”da qalmaq istəmir?
- Futbolçu bu komandada oynamağa razı idi. Lakin klub rəhbərliyi onun gözlədiyi vaxtda müqavilə təklif etmədi. Yalnız Azərbaycan variantı üzə çıxdıqdan sonra onlar da əl-ayağa düşdülər. Emil isə may-iyun aylarında taleyinə aydınlıq gəlməsini istəyirdi. Klub başçılarının passivliyini görüb, məndən yeni mövsüm üçün komanda tapmağı xahiş etdi. Mən də Azərbaycan variantını tapdım.

- Mpenzanın vəziyyətini necə izah edirsiniz?
- Necə olacaq ki? Sizə 3 qat artıq pul təklif olunsa, imtina edərsiniz? Lakin Emil dünyada yeganə adam olacaq ki, bundan imtina etsin. Çünki o, “Syon”un futbolçusudur.

- “Syon” rəhbərliyi Azərbaycan klubundan nə qədər pul istəyir ki?
- Təxminən 1,3 milyon İsveçrə frankı (1 milyon manat). Lakin bir məsələ də var ki, Emil 32 yaşındadır. Bu yaşda oyunçuya heç kim bu məbləğ verməz.