Braziliya çempionu yığmadan imtina etdi
24.07.2010 - 11:00
Braziliya çempionu yığmadan imtina etdi
Murisi Ramalyu Braziliya milli komandasının baş məşqçisi olmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, “Fluminenze” komandasını çalışdıran mütəxəssis bu komandadakı fəaliyyətini davam etdirməyə qərar verib. Buna 54 yaşlı məşqçinin klubla müqaviləsinin hələ qüvvədə olması səbəb olub.

“Fluminenze”nin prezidenti Robertu Orkades isə Ramalyu ilə anlaşmanın mövsümün sonunda bitəcəyini, müqavilənin uzadılması haqda razılığın əldə olunduğunu açıqlayıb. Bu isə çalışdırıcının Dunqanın xələfi olmasına imkan verməyib.

Qeyd edək ki, Braziliya Futbol Konfederasiyasının prezidenti Rikardo Teyşeyradan təklif alan Ramalyu bunu “Fluminenze” rəhbərliyi ilə müzakirə etməli olduğunu bildirmişdi. Ramalyu vətənindən kənarda o qədər də tanınmasa da, Braziliyanın ən nüfuzlu məşqçilərindən sayılır. Belə ki, son 5 ölkə çempionatının 4-də məhz onun yetirmələri çempion adını qazanıblar. Mütəxəssis 2005-ci ildə “İnternasional”, 2006-08-ci illərdə isə “San-Paulu” ilə uğur qazanıb.