Torres ən bahalı futbolçu olmağa yaxındır
26.07.2010 - 23:07
Torres ən bahalı futbolçu olmağa yaxındır
"İnter"in forvardı Mario Balotelli "Mançester Siti"nin transfer təklifini qəbul edib. Apasport.az saytının xəbərinə görə, danışıqlar nəticəsində futbolçu və klub arasındakı anlaşmanın şərtləri razılaşdırılıb. Balotellinin "Mançester Siti" ilə 4 illik müqavilə imzalaması nəzərdə tutulur. Həmin anlaşmaya əsasən, Mario ildə 4 milyon avro maaş alacaq.

"İstənilən futbolçunu satın almaq üçün gücümüz yetərlidi. Məsələn, Balotelli ilə bahəm, 5 forvard nəzərimizdədi. Lakin həmin futbolçularla müqayisədə Marionun iki önəmli üstünlüyü var: o, hədsiz istedadlı və gəncdi. Unutmayın ki, Balotellinin istedadına inanan ilk məşqçiyəm" – deyə 45 yaşlı Mançini söyləyib.

"Mançester Siti" həm də "Liverpul"un ispan ulduzu Fernando Torresi heyətinə qatmaqda israrlıdı. "Şəhərlilər" bunun üçün "Liverpul"a nə az, nə çox - düz 70 milyon funt-sterlinq ödəməyə hazır olduğunu bəyan edib. Hücumçunu satmaq istəməyən "Liverpul" ona məhz bu qədər qiymət qoysa da, "Mançester Siti" bossları məbləği ödəməyə hazır olduqlarını açıqlayıblar. "Fernando Torres Avropanın ən yaxşı futbolçularından biridi. İndi hər şey onun qərarından asılıdı”, - deyə Mançini bildirib.

Bu transfer baş tutarsa, o, İngiltərə Premyer-Liqasında ən bahalı keçid kimi rekord müəyyənləşdirəcək. Hazırkı rekord da "Mançester Siti"yə məxsusdu. 2 il əvvəl "Real"dan Robinyonu 32,5 milyon funt sterlinqə almış klub yeni rekord müəyyənləşdirməyə yaxındı.