Əfran İsmayılov Avroliqanın bombardirləri sırasında
06.08.2010 - 15:50
Əfran İsmayılov Avroliqanın bombardirləri sırasında
Avropa Liqasının 2010/11 mövsümünün ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, üç təsnifat mərhələsinin oyunlarından sonra qitənin ikinci dərəcəli klub turnirində bombardirlərin mübarizəsində “Qarabağ”ın futbolçusu Əfran İsmayılov da var. Ümumiyyətlə, ən sərrast oyunçuların yarışında çoxhakimiyyətlilik hökm sürür. Hamıdan çox - 5 qol vuran futbolçuların sayı 8-ə bərabərdir. Mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın 22 yaşlı yarımmüdafiəçisi Ə. İsmayılov da 5 qolla liderlər sırasında qərarlaşıb. Əfranla yanaşı, Qarra Dembele (“Levski”, Bolqarıstan), Yura Movsesyan (“Randers”, Danimarka), Fabio Silva (“Rabotniçki”, Makedoniya), Tosseynt Rikkets, İlari Ayala (hər ikisi “MüPA-47”, Finlandiya), Vladimir Yurçenko (“Dnepr”, Belarus) və Vlado Zadro (“Zrinski”, Bosniya və Herseqovina) da hərəyə 5 qol vurub. Ə. İsmayılov 522 dəqiqədə 9 qol vəziyyəti yaxalayıb, bunun 5-ni qola çevirib.

“Qarabağ”ın heyətində ən çox məhsuldar ötürmə verən futbolçu isə Georgi Adamiyadır. 516 dəqiqə meydanda olan gürcü hücumçu 3 ötürmə ilə yadda qalıb. Ağdam təmsilçisinin heyətində ən kobud oyunçu Samir Abbasovdur. Dayaq yarımmüdafiəçisi 485 dəqiqə ərzində 9 dəfə rəqib futbolçulara qarşı kobud oynayıb. Ən çox kobudluğa isə Rauf Əliyev məruz qalıb. Meydanda olduğu 340 dəqiqə ərzində gənc hücumçuya qarşı 11 dəfə kobudluq edilib.