Berti Foqts: Çox şadam ki, onlar “Borussiya” ilə oynayacaqlar
06.08.2010 - 20:46
Berti Foqts: Çox şadam ki, onlar “Borussiya” ilə oynayacaqlar
“Çox şadam ki, “Qarabağ”ın, eyni zamanda milli komandanın üzvü olan gənc futbolçular Almaniyanın ən gözəl stadionlarından birində vacib oyuna çıxacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis Avropa Liqasının IV təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasına münasibət bildirib. Foqts çalışdığı ölkənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi olan Ağdamın “Qarabağ” klubunun Almaniya “Borussiya”sı ilə qarşılaşacağından məmnundur. O, AFFA-nın rəsmi internet saytına açıqlamasında fikirlərini belə izah edib:

“Bu, təcrübə qazanmaq baxımından çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, “Qarabağ”ın rəqibi təkcə “Borussiya” yox, həm də stadiondakı atmosfer olacaq. Ümid edirəm ki, “Qarabağ”ın futbolçuları “Visla” ilə qarşılaşmadakı kimi tam sərbəst şəkildə öz oyunlarını nümayiş etdirəcəklər”.

Qeyd edək ki, “Borussiya” avrokuboklarda təmsilçilərimizə rəqib olan ilk Almaniya klubu kimi tarixə düşəcək.