“Əsas odur ki, bir-birilərini didirlər”
14.08.2010 - 23:01
“Əsas odur ki, bir-birilərini didirlər”
“Neftçi” klubunun futbolçusu Elmar Baxşıyevin apasport.az saytına müsahibəsi

- Artıq Ramazan ayı başlayıb. Oruc tutursunuzmu?
- Klubdan icazə vermirlər. Yəni, qarşıda çempionat oyunları var. Buna görə də, gərək gündəlik rejimə əməl edək. Boş vaxtlarda çalışacağam ki, oruc tutum. Fürsətdən istifadə edib, xalqımızı və bütün müsəlmanları Ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm. Allah, hər birimizə kömək olsun.

- Bu ayın sizin həyatınızda xüsusi çəkisi varmı?
- Tək mənim yox, hər bir müsəlman üçün Ramazan ayı müqəddəsdir. Ən önəmli aylardan və bayramlardan biridir.

- İşinizlə əlaqədar oruc tuta bilmədiyinizi dediniz. Bəs iftar süfrəsi necə, verəcəksinizmi?
- Fikrimiz var. Qohum-əqrəbanı bir yerə yığacağıq.

- Adətən imkanı olanlar Ramazan ayında kimsəsizlərə iftar süfrəsi təşkil edirlər...
- Belə bir planımız var.

- Bunu komanda ilə birgə reallaşdıracaqsınız?
- Özüm. Əgər komandanın belə bir fikri yoxdursa, onlara necə deyə bilərəm ki, gəlin birlikdə iftar süfrəsi təşkil edək. Özümüz oruc tutmasaq da, tutanlara kömək etməliyik.

- Bəs ailənizdə oruc tuturlar?
- Bəli.

- Son vaxtlar, xüsusilə də yığmaya dəvət edilməyəndən sonra mətbuatda az-az görünürsünüz.
- Deməzdim ki, məni unudublar. Xeyr, həmişə jurnalistlərlə ünsiyyət qurmuşam. Sadəcə, müəyyən həddi qorumağa çalışmışam.

- Çox danışmaqla aranız yoxdur?
- Xeyr, bu da sakit təbiətli olmağımdan irəli gəlir. Necə deyərlər, danışmaq gümüşdürsə, susmaq qızıldır.

- Komandada vəziyyət necədir?
- Üçüncü mövsümdür “Neftçi”dəyəm. Şükürlər olsun ki, hər şey yaxşıdır. Klubun prezidentindən tutmuş oyunçulara qədər mehriban ab-hava hökm sürür. Qalır indi yaxşı oynamaq və nəticə qazanmaq. Müəyyən zamana ehtiyac var. Yayda legionerlər yola salındı, yeni transferlər oldu.

- “İnter”dən ayrılan vaxt deyəsən, sizə qarşı haqsızlıq olmuşdu?
- Bilirsiniz, onlarla dostcasına, halallıqla ayrıldıq. Düzdü, haqsızlıqlar çox olub. Ancaq bu gün onlar haqqında danışmaq, kiməsə cavab vermək istəmirəm. Futbolçu elədir ki, onun komandada qalması üçün gərək klub rəhbərliyinin icazəsi olsun.

- “Neftçi”də özünüzü necə hiss edirsiniz?
- Komanda mənə doğmalaşıb. Bu mövsüm avrokuboklara qatılmaq istəyirik.

- Arxada qalan 2 mövsümdə “Neftçi” adına görə biabırçı çıxış etdi. Azarkeşlərin tənbehi sizi yormayıb?
- Onları da başa düşmək olar. “Neftçi” flaqmandır. Onlar komandanı ancaq yüksək yerlərdə görmək istəyirlər.

- Başqa ölkələrdə uğursuz çıxış edən komandanın fanatları ilə futbolçuları arasında tez-tez insidentin yaşandığını az görməmişik. Belə şeylərdən çəkinirsinizmi?
- Şükürlər olsun ki, hələ bizdə belə şeylər olmayıb. Əksəriyyəti ilə şəxsi tanışlığımız var.

- Həyatda ən çox nədən narazı qalırsınız?
- Narazı qalmağa əsas yoxdur. Hər şey Allahın əlindədir. Qismətində nə varsa, o da olacaq.

- Kimdən çəkinirsiniz?
- Allahın qorxusundan. İnsanların arxadan zərbə vurmasından, yalan danışmasından, “torba” tikməsindən çəkinirəm. Kiminsə haqqının yeyilməsi ilə barışmaq olmaz.

- Çox rastlaşmısınız bu halla?
- Olub. Ancaq deməyəcəm. Sadəcə, gərək hər zaman mübarizə aparasan.

- Dost cəhətdən bəxtiniz gətiribmi?
- Yaxşı dostlarım var.

- Sınamısınız onları?
- Dostu sınamırlar. Hiss edirsən ki, onunla dost ola bilərsən.

- Şou-bizneslə aranız necədir?
- İzləyirəm, amma can atmıram. Əsas odur ki, bir-birilərini didirlər, eyni zamanda rəqabət var.

- Simpatiya bəslədiyiniz kimsə varmı?
- Xeyr.

- Yayda ailənizlə harasa dincəlməyə getmisinizmi?
- Qəbələyə getdik. “Qafqaz” otelində qaldıq.

- Uşaqlıq illəriniz necə keçib?
- Çox davakar olmuşam. Evdəkilərin sözünə qulaq asmamışam.

- Məktəbdə yaxşı oxumusunuz?
- Futbolla üst-üstə düşdüyünə görə, elə də yaxşı oxumamışıq. Gedib-gəlmək olmurdu.

- Sizin də ilk məhəbbətiniz məktəbdə olub?
- Ona məhəbbət demək olmaz. Sadəcə, xoşuma gələn qızlar olub. Ancaq bu ciddi istək olmadığına görə, sonradan unuduldu.

- Bayramlarımızdan hansını həqiqi bayram kimi qeyd edirsiniz?
- Ramazan bayramını. Uşaq vaxtı Novruz bayramını səbirsizliklə gözləyirdik. Çünki qapı-qapı gəzib papaq atırdıq.

- Papağınızı qaytarmayanlar olurdumu?
- Olurdu.