“Oruc tutan futbolçuları cəzalandıracağıq”
16.08.2010 - 12:16
“Oruc tutan futbolçuları cəzalandıracağıq”
Bakının AZAL futbol klubunun prezidenti Vaqif Qasımovun apasport.az saytına müsahibəsi

- “Turan”la görüşdən sonra komandanızın çıxışından razı qaldınızmı?
- AZAL çox zəif çıxış etdi. Səbəbinə gəldikdə, azərbaycanlı uşaqlar da daxil olmaqla, bir neçə futbolçumuz oruc tutublar. Mənim bundan xəbərim olmayıb. İndi onlar buna görə cəzalandırılacaqlar. Zohair Benouahi heç birinci hissənin sonuna qədər oynaya bilmədi. Nəticədə baş məşqçi onu əvəzlədi. Bilmirəm, məşqçilər hara baxır, onlar futbolçuların oruc tutmalarını görmürdülər? Komandanı bu vəziyyətdə oyuna buraxmaq olar?

- Bəlkə, I turda “Bakı” üzərində qələbədən sonra komandada arxayınçılıq yaranıb?
- İnanmıram. Daha doğrusu, bu amilin də təsiri ola bilər. Ancaq bugünkü zəif oyunun yeganə səbəbi futbolçuların oruc tutması ilə bağlıdır. Bunlar futbol oynamağa gəliblər, yoxsa oruc tutmağa?

- Ancaq nəticə baxımından yüz faizlik nəticə ilə irəliləyirsiniz...
- Bu, futboldur. Həm də “Turan”la oyunlarımız həmişə çətin keçir. Bunu nəzərə alıb, futbolçuları oyuna kökləməyə çalışdıq. Hava şəraitini də görürsünüz. Kölgədə dayanmaq olmur, o ki qaldı çıxıb futbol oynayasan. Bir də ki, orqanizm 15 saat ac qalır və çıxıb meydanda futbol oynayırsan, nəticə belə olur.

- “Bakı”nı məğlub etməyiniz sürpriz kimi qarşılandı. Bu fikirlə razısınızmı?
- Ola bilsin, sizin üçün sürpriz olsun. Mənim üçün onları məğlub etməyimiz gözlənilən idi. Onlara dedim ki, oyun qurtarandan sonra biləcəyik ki, kim güclüdür, kim zəif. Heç bir sürpriz yoxdur. Bu futboldur. Niyə “Bakı” udmalıdır, biz yox?

- Həmin nəticədə mətbuatda belə qiymətləndirildi...
- Hər kəs öz komandasının gücünə bələddir. Kimin necə hazırlaşması, futbolçularının nəyə qadir olması hamıya məlumdur. Biz də mövsümə yaxşı hazırlaşmışdıq. Bəlkə oyun zamanı hansısa komponentdə onlardan geri qalırdıq? Qətiyyən. Əksinə, onlardan üstün idik. Bəyəm rəqib bizdən çox qol vəziyyəti yaratdı və vura bilmədi? Hələ buraxdığımız hər iki qolda qapıçının səhvi var idi.

- Yeni transferlər necə, özlərini doğrulda bilirlərmi?
- Yavaş-yavaş komandaya uyğunlaşırlar. Tədricən, yenilər də öz sözlərini deyəcəklər. Məncə, yaxşı olacaq.

- “Transfer pəncərəsi” avqustun sonunda bağlanacaq. Ona qədər yeni futbolçu transfer etməyi düşünürsünüzmü?
- Ola bilər, bir nəfəri transfer edək.

- Danışıq apardığınız futbolçu varmı?
- Bir-iki nəfərlə danışıq aparırıq. Belə götürəndə, ehtiyac yoxdur. Komanda tam komplektləşib. Bütün xətlərə yaxşı futbolçular transfer etmişik. Çatışmayan, axsayan mövqemiz yoxdur. Ancaq bir balaca da güclənsək, lap yaxşı olar.

- Sentyabrda rəqiblərinizi Şüvəlanda tikilməkdə olan stadionda qəbul edəcəyinizi demişdiniz. Tikinti işləri yekunlaşmaq üzrədir?
- Xeyr, sentyabra çatmayacaq. Yəqin ki, oktyabrdan etibarən oyunlarımızı öz meydanımızda keçirəcəyik.