“Bunu Berti Foqtsa məsləhət görmürəm”
21.08.2010 - 00:09
“Bunu Berti Foqtsa məsləhət görmürəm”
Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Borussiya” ilə qarşılaşan “Qarabağ” Almaniyada böyük əks-sədaya səbəb olub. Apasport.az saytının məlumatına görə, Dormund təmsilçisinin vətənində çox sevilməsi, üstəlik, bu komandanın 4:0 hesabı ilə asan qələbə qazanması “Vestfalenştadion”da baş verənlərə marağı artırıb.

Almaniya yığmasına son titulu – 1996-cı ildəki Avropa çempionluğunu qazandıran Berti Foqtsun da matçda olması və onun rəhbərlik etdiyi millimizin sentyabrın 7-də Bundestimlə görüşməsi də mərkəzi avropalıların qarşılaşmaya diqqətini birə-beş artırıb. Təbii ki, marağın belə böyük olmağına gələn ay Köln şəhərinə yollanacaq komandamızın özəyinin “Qarabağ”lı futbolçuların təşkil etməsi də böyük əhəmiyyət kəsb edib.

Elə alman həmkarlarımız da bu məqama toxunublar. Onlardan biri isə Foqtsa məsləhət görməyi də lazım bilib: “Azərbaycan yığmasının 6 futbolçusu “Qarabağ”ın start heyətində yer almışdı. Lakin inanmıram ki, belə oyundan sonra Foqts sentyabrın 7-də Almaniya ilə matçda onlardan hansına isə şans versin. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəkləri ilk oyunda bunu heç ona məsləhət də görmürəm.

Qeyd edək ki, Foqtsun stadiondan canlı izlədiyi matçda “Qarabağ” “Borussiya”ya 0:4 hesabı ilə uduzub.