Ölkə çempionu “sabiq”lərə yerini göstərdi
21.08.2010 - 00:52
Ölkə çempionu “sabiq”lərə yerini göstərdi


Futbol üzrə Almaniya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Bundesliqanın 2010/11 mövsümünü son iki ilin çempionları açıblar. Üç ay əvvəl Almaniyanın ən yaxşısı olan “Bavariya” 2008/09 mövsümünün çempionu “Volfsburq”u qəbul edib.

Elə çempionatın ilk qolu da çempiondan gəlib. Almaniya millisinin gənc ulduzu, CAR-da keçirilən dünya çempionatının final mərhələsinin bombardiri Tomas Müller artıq 9-cu dəqiqədə qonaqları məyus edib. Lakin sabiq çempionlar ikinci hissənin əvvəlində - 55-ci dəqiqədə hesabda tarazlıq yarada biliblər. Bosniya və herseqovinalı Edin Dzeko Münhen stadionunu susdurub. Lakin qarşılaşmanın sonlarında Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Bundestimin daha bir ulduzu Bastian Şvaynştayger “səhnəyə çıxıb”. O, uzatma dəqiqələrindəki qolla çempiona 3 xal qazandırıb.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la qarşılaşan Dortmundun “Borussiya” klubu öz oyununu sabah “Bayer”ə qarşı keçirəcək.