“Ən böyük səhvi “Xəzər Lənkəran”dan ayrılanda etdim”
21.08.2010 - 23:01
“Ən böyük səhvi “Xəzər Lənkəran”dan ayrılanda etdim”
Zaqatalanın “Simurq” klubunun futbolçusu Samir Əliyevin apasport.az saytına müsahibəsi

- “Simurq”da işləriniz necə gedir?
- Pis deyil. Gənclərdən qurulmuş komandadır. Ən təcrübəliləri “İnter”dən icarəyə götürülən Paulius Paknis və mənəm. Hər ikimiz elitada oynamışıq. Qalan 90 faiz əvəzedici komandalardan cəlb edilmiş uşaqlardır.

- Karyeranız ərzində iddialı klublarda oynamısınız. Bu gün mükafatlar uğrunda mübarizə haqqında düşünməyən klubda çıxış etməyiniz çətin deyil?
- Əlbəttə, çətindir. Digər yandan yaxşıdır. Gənclər oynamaq, özlərini sübut etmək istəyirlər. Sadəcə, təcrübələri çatmır. Bu da birdən-birə düzəlmir. Tədricən qaydasına düşəcəyinə inanıram.

- Hazırkı komandanızla hansısa yaxşı nəticəyə ümid edirsinizmi?
- Ümid etmək olar, amma çox çətindir. Bu gün heyətində güclü legionerlər yer alan komandalarımız çoxdur. 7-8 klub bu gün avrokuboklar uğrunda mübarizə aparır. Onlara qarşı oynamaq asan deyil. Buna baxmayaraq, uşaqlar çalışırlar. Kənardan baxanda, təcrübəsiz olduqları görünür. Eyni zamanda, ustalıq baxımından da geri qalırlar.

- Bir qədər əvvələ qayıdaq. Həm “Xəzər-Lənkəran”dan, həm də “Neftçi”dən ayrılmağın gözlənilməz oldu. Həmin vaxtlar nə baş verdi?
- “Xəzər-Lənkəran”dan öz istəyimlə ayrıldım. Həmin vaxt paytaxt klublarında oynamaq istəyirdim. Həm də komandada başqa problemlər var idi. “İnter”dən isə “Neftçi”yə görə getdim. Hərçənd, “İnter” daha çox pul təklif edirdi. Ancaq “Neftçi”ni seçdim. Peşəkar futbolçu kimi bu komandada yetişmişəm. İş elə alındı ki, yayda müqaviləm bitdi və onlar mənimlə yeni anlaşma imzalamadılar.

- Lənkəranda oynadığınız vaxt tez-tez məşqçilərlə mübahisə etdiyiniz deyilirdi...
- Komandadan ayrılmağımda bu cür şayiələrin rolu az olmadı. Guya, “Xəzər-Lənkəran”da heyət müəyyənləşdirirəm, komandaya futbolçu gətirirəm, oyunçu göndərirəm. Həm də həmin vaxt elə vəziyyət yaranmışdı ki, hətta klubun prezidenti Mübariz Mənsimov da komandadan üz döndərmişdi.

- Azarkeşlərin sizə qarşı münasibəti necə idi?
- Oynadığım müddətdə çox yaxşı idi. Ordan ayrıldıqdan sonra mənə qarşı münasibət dəyişdi. Amma Lənkəranda olduğum il yarım ərzində onların rəğbətini qazanmışdım. Nə bilim, həyatdır, bəzən görürsən, düz addım atmırsan. Fikrimcə, nə olursa, ancaq yaxşılığa doğru dəyişir. Özüm həm də gənc idim. Ailə həyatı qurmaq istəyirdim, ona görə də paytaxta üz tutdum.

- Əyalətdə yaşamaq çətindir?
- Çətinlik yoxdur. Sadəcə, əksər hallarda bu da bir bəhanədir.

- Bəs onda niyə əksər futbolçular paytaxt klublarına can atırlar?
- Nə bilim? “Xəzər-Lənkəran” kimi komandada heç bir problem yoxdur. Komanda ömür boyu orda qalmır ki, Bakıya da gəlib-gedirdi. Sadəcə, ən böyük səhvi “Xəzər-Lənkəran”dan ayrılanda etdim. Sonrakı peşmançılıq isə fayda verməz.

- “Neftçi”dən necə, bu cür ayrılacağınızı gözləyirsinizmi?
- Düzünü desəm, gözləmirdim. Həm də 3 il əvvəl ağır zədə aldım. Ondan sonra heç cür bərpa ola bilmədim. Artıq çəki yığdım, formaya düşə bilmədim. Yəni, zədələr məni çox incitdi. Üst-üstə yığsan, 3 ildə bəlkə də 3 oyunu 90 dəqiqə oynamadım. “Neftçi” həmişə iddialı olub, çempionluq uğrunda mübarizə aparır. Onlar mənə çox kömək etdilər. Ömür boyu orda qalası deyiləm ki? Biri var oynaya-oynaya səni komandadan kənarlaşdıralar, amma mənim vəziyyətim fərqli idi.

- Həm yığmada, həm iddialı klublarda, həm də ölkədən kənarda çıxış etmisiniz. Geri boylananda hansı oyunları xatırlayırsınız?
- Həm yığma, həm də klub səviyyəsində yaxşı oyunlarım olub. Ukraynada, Rusiyada legioner həyatı yaşayan vaxt maraqlı görüşlər keçirmişik. Ukraynada oynayan vaxt “Şaxtyor”, “Dnepr” kimi klubların qapısına vurduğum qolları unuda bilmərəm. Yığma səviyyəsində uğur qazana bilməsək də, Serbiyaya, Portuqaliyaya, İtaliyaya qarşı yaxşı oynamışam.

- Ukraynada çıxış etməyiniz karyeranızda hansı dəyişikliyə səbəb oldu?
- Həmin dövrdə Azərbaycanda futbol dağılmaq üzrə idi. Ukraynaya üz tutdum. Həmin vaxt “Volın” I dəstədən yüksək liqaya vəsiqə qazanmışdı. Baxışdan keçdim. Cavan vaxtlarım idi. Orada təcrübə qazandım. Böyük komandalara, “Şaxtyor”a, Kiyev “Dinamo”suna, “Metallist”ə qarşı oynadım. Avropa səviyyəli komandalardır. Həm də insanın gözü açılır, böyük futbolda nələrin tələb edildiyini öyrənirsən.

- “Xəzər-Lənkəran”dan ayrılmağınızın səhv addım olduğunu dediniz. Ümumiyyətlə, həyatda bağışlaya bilmədiyiniz səhvləriniz çox olub?
- Desəm, düzgün çıxmaz. Bu həyatdır, cavan olmuşam, yol göstərən olmayıb. Hər bir insan həyatda səhv edir. Yəni, səhv edə-edə öyrənirik. Futbolçu karyerası çox qısadır. Səhv etdinsə, sonra onu düzəltmək çətin olur.

- Futbolçu üçün ən arzuolunmaz şey zədələnməkdir. Belə məqamlarda sizə daha çox kimlər dayaq dururdu?
- Zədədən əvvəl yaxşı formada idim. Fikrim var idi ki, Rusiya və ya Ukraynaya gedim, yenidən legioner həyatı yaşayım. Amma qismət olmadı. Zədələnən vaxt “Neftçi” rəhbərliyi, eləcə də ailəm hər zaman mənə dəstək olub. Həmin vaxt hər kəsi tanıdım. Can yandıran kimdir, insanın üzünə gülən kim. Heç bir futbolçunun zədələnməsini arzulamıram. Eşitdim, bu yaxınlarda Əfran İsmayılov zədələnib. Bu çox ağır zədədir. İnşallah, tezliklə sağalıb yaşıl meydanlara dönəcəyinə inanıram. O, son vaxtlar yaxşı formada idi. Karyerası qabaqdadır.

- Gənc futbolçular sizə yaxınlaşıb, hansısa məsləhət istəyiblərmi?
- Xeyr. Bizim vaxtımızda həmişə böyüklərin məsləhətinə qulaq asılardı. “Simurq”da uşaqlar hörmətlə yanaşırlar, lazım olanda onlara müəyyən məsləhətlər verirəm. Ancaq ümumi götürdükdə, indiki gənclərə söz demək olmur.

- Maraqlıdır, sizi niyə dava-dalaşa meylli insan kimi xarakterinizə edirlər?
- Boş söz-söhbətlərdir. Karyeram ərzində indiyə qədər heç bir futbolçu, məşqçi ilə mübahisə etməmişəm, dalaşmamışam. Kənardan elə görünə bilər. Sadəcə, ciddi insanam. Lağ-lağı eləməyi, yersiz gülməyi xoşlamıram. Hər şeyin öz yeri var. Futbol elədir ki, məşqə gəldinsə, başını salıb məşq etməlisən.

- Nə vaxtsa futbolçu olduğunuza görə, peşman olmusunuz?
- Heç vaxt. Azərbaycan səviyyəsində özümə görə futbolçu olmuşam. Xatırlanacaq oyunlarım olub.

- Maddi baxımdan necə, özünüzə şərait qura bilmisiniz?
- Özümü təmin edəcək xırda işlər qurmuşam. Amma böyük işlər də görə bilərdim. Cavanlıq səhvi olub, fikir verməmişəm. Elə bilmişəm ki, həmişə belə qazanacağıq. Futbolçu həyatı çox qısadır. Başqa sahələrdə çalışanlar 60 yaşına qədər pul qazanırlar.