Fariz Nəcəfov: Hakimlər “Bakı” ilə oyunumuzu birtərəfli idarə etdilər
23.08.2010 - 14:02
Fariz Nəcəfov: Hakimlər “Bakı” ilə oyunumuzu birtərəfli idarə etdilər
“Əvvəlki 2 oyunla müqayisədə bu dəfə daha yaxşı çıxış etdik. Ancaq hakim oyunu birtərəfli idarə etdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Unibank Premyer Liqasının III turunda “Bakı” ilə qarşılaşan və keçirdiyi bütün görüşlərdə uduzan “Qəbələ” hazırda turniri cədvəlinin son pillələrində qərarlaşıb. Əfsanəvi ingilis Toni Adamsın baş məşqçisi olduğu əyalət təmsilçisinin aktivində xal yoxdur. Nəcəfov xal qazana bilməmələrində hakimlərin də az günahının olmadığını vurğulayıb: “Ramim Antiçin ağzından vurdu. Laynsman isə bunu görməməzliyə vurdu. Ancaq Jabanın yıxıldığı epizoda görə penalti təyin etdilər. Orda penalti yox idi. Bundan başqa, onlar da bizim futbolçunun ağzından vurdular. Bu gün tibbi müayinədən keçdi. Dişləri tökülüb”.

İki futbolçunun qırmızı vərəqə almasına gəldikdə, Nəcəfov hakimin özünün buna şərait yaratdığını deyib: “Hakim futbolçuların çılğınlaşmasına şərait yaradır, sonra da qırmızı vərəqə göstərirdi. Oyunun protokoluna qeydlərimizi etmişik. Epizodlara yenə baxacağıq. Hakimlər briqadası oyunu birtərəfli idarə etdilər”.