Neven Subotiç: Bu, “Qarabağ”la oyuna təsir edə bilər
23.08.2010 - 17:21
Neven Subotiç: Bu, “Qarabağ”la oyuna təsir edə bilər
“Biz məğlubiyyəti unudub, Avroliqanın pley-off mərhələsinin cavab oyununa diqqət yetirməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Borussiya” klubunun futbolçusu Neven Subotiç deyib.

Bundesliqanın I turunda “Bayer”ə 0:2 hesabı ilə uduzan Dortmund təmsilçisinin 22 yaşlı serbiyalı müdafiəçisi qarşılaşmanın ilk hissəsindən narazı qalıb. O bildirib ki, qarşıda komandasını Avroliqanın pley-off mərhələsində “Qarabağ”la cavab matçı gözləyir və bunun üçün ümidsizliyə qapanmağa dəyməz: “Bayer”lə matçın ilk hissəsində çox zəif oynadıq. İkinci hissədə oyunumuzu tapsaq da, məğlubiyyətdən qaça bilmədik. Lakin artıq bunu unutmaq lazımdır. Biz Avropa kubokunda sonadək mübarizə aparmaq istəyirik. Bunun üçün “Bayer”lə oyunu yada salmalı deyilik. Bu, “Qarabağ”la oyunun hazırlığına təsir edə bilər”.

Qeyd edək ki, Avroliqanın pley-off mərhələsinin ilk oyununda “Borussiya” “Qarabağ”a 4:0 hesabı ilə qalib gəlib.