Cavadov “Bakı”ya transferi “boş söhbət” adlandırdı
25.08.2010 - 15:15
Cavadov “Bakı”ya transferi “boş söhbət” adlandırdı
“Vaqifin “Tvente”dən ayrılıb-ayrılmayacağı barədə hansısa bir yenilik yoxdur. Yəqin ki, bütün suallara avqustun 31-dək aydınlıq gətiriləcək”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın futbolçusu Vaqif Cavadovun atası Füzuli Cavadov deyib.

2010-cu ilin qışında “Qarabağ”dan “Tvente”yə transfer olunan futbolçumuz yeni komandasında hələ rəsmi oyun keçirməyib. Bir neçə yoldaşlıq matçında meydana çıxan, hətta qollar da vuran Cavadovun adı cari mövsümün arxada qalan 3 oyunun heç birində “18-liy”ə salınmayıb.

Təbii ki, bu cür vəziyyət hücumçunu qane edə bilməz. Onun adı bir neçə klub ətrafında hallansa da, ata Cavadov bunu söz-söhbət adlandırıb: “Düzdür, “Bakı”, “Qarabağ”, eləcə də bir neçə başqa komandaların adı çəkilir. Ancaq bunlar hamısı söz-söhbətlərdir. Real heç nə yoxdur. Bunun üçün gərək “Tvente” ilə danışıqlar aparılsın, Vaqifin müqaviləsi olduğuna görə, onlara təzminat ödənilsin. Həm də klub onu transferə çıxarmayıb. Bəlkə özləri Vaqifə yeni komanda tapacaqlar. Bir sözlə, ayın sonuna qədər hər şey dəqiqləşəcək”.