“Məni Türkiyə yığmasına dəvət etsələr də, Azərbaycanı seçdim”
25.08.2010 - 17:15
“Məni Türkiyə yığmasına dəvət etsələr də, Azərbaycanı seçdim”
“Valideynlərimdən birinin – atamın azərbaycanlı olması, bu yığmanı seçməyimdə rol oynadı. Məni Türkiyənin 16 yaşadək futbolçulardan ibarət komandasına çağırsalar da, Azərbaycan millisinə üstünlük verdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Tolqa Erginer deyib.

Almaniyanın “Rot Vayss” (Essen) klubunun şərəfini qoruyan 17 yaşlı istedad Türkiyə yığmasını seçməməyinə təəssüflənmir: “Təklifi qəbul edəndə, yığmanın baş məşqçisi ilə görüşməmişdim. Çox şadam ki, Berti Foqts kimi mütəxəssisin rəhbərliyi altında oynayacağam. Azərbaycan yığmasında əla ab-hava var. Məni də yaxşı qarşıladılar”.

Tolqa komandada qarşılaşacağı rəqabətdən də çəkinmir: “Sol cinahda həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi oynayıram. Millidə hamıdan gənc olduğum üçün məni heyətə düşmək uğrunda ciddi rəqabət gözləyir. Lakin mən də rəqabət aparmağa hazıram”.

Qeyd edək ki, Tolqa millimizin avqustun 23-də başlayan təlim-məşq toplanışında iştirak edir.