Kamran Ağayev: Çox məşq etsək, bir-birimizi daha yaxşı başa düşəcəyik
25.08.2010 - 21:00
Kamran Ağayev: Çox məşq etsək, bir-birimizi daha yaxşı başa düşəcəyik
“Hazırlıq planauyğun şəkildə davam edir. Almaniya ilə oyuna ciddi hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev deyib.

Millinin təlim-məşq toplanışında iştirak edən Ağayev hansısa yorğunluqla bağlı şikayətlərinin olmadığını, əksinə bunun futbolçuların xeyrinə olduğunu bildirib: “Hansısa yorğunluqdan söhbət gedə bilməz. Məşq, futbolçu üçün yeməkdir. Komanda nə qədər çox hazırlıq keçsə, oyunçuların xeyrinə olur. Çünki belə olan halda, bir-birimizi daha yaxşı başa düşəcəyik”.

Sentyabrın 7-də Almaniya ilə keçiriləcək oyuna toxunan qolkiper millinin daha yaxşı nəticələr qazanacağına inandığını vurğulayıb: “Futbolu 11 nəfərlə oynayırıq. Bütün qarşılaşmalara qələbə üçün çıxacağıq. Daha yaxşı nəticələr qazanacağımıza inanıram. Qrupumuzda asan rəqib yoxdur. Həmişə böyük klublara, yığmalara qarşı oynamaq istəmişəm. Belə olan halda, öz gücünə bələd olursan. Onlar qələbə qazandıqları kimi, biz də udmaq istəyirik. Şans hər zaman olur”.

Sonda Küveytlə oyunda azarkeşlərin komandaya nə dərəcədə dəstək olması barədə fikrini bildirən “Xəzər-Lənkəran”lı qapıçı “Qarabağ”ın hər şeyi sübut etdiyini deyib: “Qələbə qazanan zaman azarkeşlər də stadiona axışırlar. “Qarabağ” bunu bir daha sübut etdi. Gələcəkdə daha yaxşı olacağına inanıram”.