Ruslan Abışov: Mənim üçün heç bir fərqi yoxdur
25.08.2010 - 21:08
Ruslan Abışov: Mənim üçün heç bir fərqi yoxdur
“Hər şey normaldır. Var gücümüzlə hazırlaşırıq. Klubumuzdan nə qədər çox futbolçu dəvət edilsə, bizim üçün bir o qədər rahat olar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun və milli komandamızın futbolçusu Ruslan Abışov deyib.

III turda “Simurq”la oyunda meydana çıxmayan Abışov bunun sırf zədə ilə bağlı olduğunu qeyd edib: “Zədəm olsa da, son ana qədər meydana çıxmağa hazır idim. Ancaq sonradan müayinədən keçdim və həkim bir qədər dincəlməyimi məsləhət gördü”.

Həftəsonu paytaxt derbisində “İnter”lə qarşılaşacaq “Neftçi”nin oyunçuları ancaq 3 xal haqqında düşünürlər. Abışov da zədəli olmasına rəğmən bu oyunda komandasına kömək etmək istəyir: “İnter”lə görüşə hazıram. Zədəm olsa da, bu qarşılaşmada komandama kömək etmək istəyirəm. Çünki 3 xal bizim üçün vacibdir. Məqsədimiz çempion olmaqdır”.

“Qarabağ”la matçda Mitreski, sonrakı oyunda Denislə tandem təşkil edən müdafiəçi kiminlə oynamaqdan asılı olmayaraq, komandasına xeyir vermək haqqında düşündüyünü vurğulayıb: “Mənim üçün bunun heç bir fərqi yoxdur. Əsas odur ki, komandaya xeyir verək. Rəqibin hücumunu zərərsizləşdirək”.