“3 futbolçunuz Bundesliqa səviyyəsində oynamağa qadirdir”
25.08.2010 - 21:18
“3 futbolçunuz Bundesliqa səviyyəsində oynamağa qadirdir”
“Biz Bakıya qələbə qazanmaq üçün gəlmişik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun baş məşqçisi Yurgen Klopp deyib.

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la sabah cavab matçına çıxacaq Dortmund təmsilçisi artıq Bakıdadır. Sabahkı oyun barədə fikirlərini açıqlayan Klopp bildirib ki, möcüzəyə imkan verməyəcəklər: “İki ildir ki, bir yerdəyik. Bu 2 ildə o səviyyəyə çatmamışıq ki, 4 top fərqli üstünlüyü əldən verək”.

Qələbənin heç də asan qazanılmayacağını bildirən almaniyalı çalışdırıcının fikrincə, komandasında motivasiya problemi olmayacaq: “Bakıda da qalib gəlməyə köklənmişik. Fikrimiz, qələbə qazanmaqdır. Düzdür, bu heç də asan olmayacaq. Çünki şəhəriniz çox istidir. Amma bu, hədəfimizi dəyişmir. Taktiki ve heyətdəki dəyişikliklər barədə heç nə deməyəcəyəm. Sabah oyuna baxıb görərsiniz”.

Klopp “Qarabağ”ın heyətində 2 futbolçunu fərqləndirib: “Rəqibin heyətində əla futbolçular var. 11 (Rauf Əliyev) və 77 (Georgi Adamiya) nömrə. Təəssüf ki, 22 nömrəniz (Əfran İsmayılov) oynamadı. Amma onun oyununu görmüşəm. Məncə həmin futbolçular Bundesliqa səviyyəsində oynamağa qadirdirlər”.