“Dortmunddakı oyun günü kimin oruc tutduğunu deyə bilmərəm”
27.08.2010 - 12:55
“Dortmunddakı oyun günü kimin oruc tutduğunu deyə bilmərəm”
“Bərabər səviyyəli oyun keçdi. Qapılar qarşısında yüz faizlik qol epizodları yaradılmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.

Avropa Liqasının pley-off mərhələsində “Borussiya” ilə qarşılaşan “Qarabağ” hər iki oyunda məğlub olaraq, mübarizəni dayandırıb. Səfərdə böyük hesabla uduzan Ağdam təmsilçisi cavab matçında heç-heçəyə yaxın olsa da, hakimin ikinci hissəyə əlavə etdiyi dəqiqədə qapısından top buraxdı: “Sonda qapımız qarşısında boşluq yarandı və rəqib bundan istifadə etdi. Fikrimcə, birinci oyunla müqayisədə, cavab görüşü daha rahat keçdi”.

Bu arada “Qarabağ”ın Almaniyadakı məğlubiyyətində futbolçuların oyunu günü oruc tutması və buna görə də meydanda var gücləri ilə qaça bilməməsi ilə bağlı söz-söhbət yayılıb. Ancaq qapıçı bunu nə təsdiq, nə də təkzib etdi: “Dortmunddakı olduğumuz müddətdə oruc tutmamışam. Çünki səfərdə idim. Bakıya döndükdən sonra oruc saxlamaqda davam edirəm. Dortmunddakı oyun günü komanda yoldaşlarımdan kimin oruc tutduğunu deyə bilmərəm. Bu haqda məlumatım yoxdur”.

Sonda qeyd edək ki, “Qarabağ”ın oyunçularına 3 günlük istirahət verilib.