Fernando Moryentes karyerasını bitirdi
31.08.2010 - 15:26
Fernando Moryentes karyerasını bitirdi
Tanınmış ispaniyalı futbolçu Fernando Moryentes futbolçu karyerasını bitirməyi qərara alıb. Apasport.az saytının məlumatına görə, Madridin “Real” klubunun və İspaniya yığmasının sabiq hücumçu yaşıl meydanda çıxışını 34 yaşında bitirib. Ötən ay Fransa “Marsel”i ilə müqaviləsini pozduqdan sonra klubsuz qalan Moryentes Meksika, Qətər və Lissabonun “Sportinq” klubundan təkliflər alsa da, peşəkar səviyyədə çıxışını başa vurmağı üstün tutub: “Futbolda 17 il keçirəndən sonra başa düşdüm ki, mən vaxtımı daha çox ailəmlə birgə keçirmək istəyirəm”.

Qeyd edək ki, daha çox “Real”da uğurlu çıxışı ilə tanınan Fernando vətənində “Albasete”, “Saraqosa”, “Valensiya”, Fransada “Monako”, İngiltərədə “Liverpul” klubunda oynayıb. O, Çempionlar Liqası, UEFA kubokunun qalibi, İspaniya və Fransa çempionudur. Yığmada 47 oyunda 27 qol vuran Moryentes yaxın vaxtda İspaniyanın “Telesinko” telekanalında ekspert kimi çalışacaq.