Mahir Şükürov himn qalmaqalına aydınlıq gətirdi
31.08.2010 - 15:40
Mahir Şükürov himn qalmaqalına aydınlıq gətirdi
“Rusiya Federasiyasının Dövlət Himninə hörmətsizlik etməyimlə bağlı bəzi KİV-lərdə yayılmış informasiyalar həqiqəti əks etdirmir”. Bu sözləri apasport.az saytına açıqlamasında Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürov deyib.

Hazırda Almaniyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsində yer alan 28 yaşlı yarımmüdafiəçi Rusiya Premyer Liqasının son turunda baş verənlərə aydınlıq gətirib. Məlum olduğu kimi, qonşu ölkə mətbuatında Şükürovun oyundan əvvəl səsləndirilən himnə üzünü çevirərək hörmətsizlik etdiyi haqda məlumatlar yayılıb. Ancaq Mahir bunu bilərəkdən etmədiyini açıqlayıb: “Himn səslənməyə başlayan kimi komanda yoldaşlarım üzlərini bayraq istiqamətinə çevirdilər. Mən isə bunu etməyə gecikdim. Artıq himn səslənməyə başlamışdı deyə, sonradan bayrağa tərəf dönmədim. Çünki himnin səsləndirilməsi davam etdiyi halda hərəkətdə olsaydım, bunu himnə qarşı hörmətsizlik kimi başa düşə bilərdilər”.

Qeyd edək ki, “Anji” Mahirin 90 dəqiqə oynadığı “Sibir”lə görüşdə 1:0 hesabı ilə qalib gəlib.