“Mən Bahodir Nasimovu “Xəzər Lənkəran”a gətirmək istəyirdim”
31.08.2010 - 16:13
“Mən Bahodir Nasimovu “Xəzər Lənkəran”a gətirmək istəyirdim”
“Hazırda Unibank Premyer Liqasının bombardiri olan Bahodir Nasimov mənə tanış futbolçudur. “Xəzər Lənkəran”da işlədiyim zaman onu komandamızda görmək istəyirdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

“Neftçi”nin mövsümlərarası fasilədə Rusiyanın “Rubin” klubundan aldığı özbəkistanlı hücumçu Bahodir Nasimov uğurlu transfer olduğunu sübut etməkdədir. Hər halda, çempionatın arxada qalan 4 turunda rəqib qapısına yol tapan legionerin hesabında artıq 6 qol var. Bununla, bombardirlər yarışına liderlik edən Nasimov tanınmış həmkarı, hələ “Neftçi”də qol hesabını aça bilməyən Belçika yığmasının hücumçusu Emil Mpenzanı da kölgədə qoyub.

Mircavadov “Xəzər Lənkəran”ı çalışdırdığı son dönəmdə Bahodiri komandasına cəlb etmək istəyində olduğu gizlətmədi: “Bu, iyunun əvvəlində yeni mövsümə hazırlıq ərəfəsində idi. Nasimov “Rubin”də əvəzedici heyətdə oynayırdı. Bu klubla əlaqəsi olan bir nəfər mənimlə bu hücumçu haqda söhbət etdi. Mən də Nasimovun keçidinə razı oldum. Amma keçid nədənsə alınmadı. Vallah, bunun səbəbi ilə maraqlanmadım. Hər halda, bu hücumçunu istəyirdim. Bahodirin oyunları olan diski mənə vermişdilər. Ancaq onun “Neftçi”nin heyətində oyununu görməmişəm. Bahodirin “Neftçi”yə keçidini normal qarşıladım. Dedim ki, doğru seçim ediblər. Fakt onu göstərir ki, “Neftçi”nin bu hücumçu ilə bağlı seçimi düzgündür”.

Nasimovun ölkəmizdə oyununun yaxşı alınmasını təsadüfi saymayan Mircavadov bunu Qafqaz və Orta Asiya futbolunun oxşarlığı ilə əsaslandırıb: “Orta Asiya ölkələri arasında texnikalı oyuna ən çox fikir verən məhz özbəklərdir. Buna görə də Nasimov öz oyunu ilə seçilir. Düzdür, hər oyunda qol vurur və bu, hücumçu üçün həddindən artıq yaxşı cəhətdir. Ancaq hələ oyunlar qabaqdadır. Bilirsiniz, futbolçunun yaxşı oynaması üçün ilk növbədə sabit olmalıdır. Ancaq əksər klublarımızda elə futbolçular var ki, bir oyun yaxşı oynayır, digərində orta və zəif. Bu, həm yerli futbolçulara, həm də legionerlərə aiddir”.

Mehman SÜLEYMANOV