Dmitri Kramarenko: Hamı məni alicənab adam kimi tanıyır
01.09.2010 - 15:35
 Dmitri Kramarenko: Hamı məni alicənab adam kimi tanıyır
“İnter”ə keçidim çoxdan planlaşdırılmışdı. Bu variant “Xəzər Lənkəran”da oynadığım vaxtda da var idi. Lakin o zaman klubla qüvvədə olan müqaviləm vardı və bu fakt keçidimi razılaşdırmağa imkan vermirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun yeni transferi Dmitri Kramarenko deyib.

Vaxtilə yığmamızda da çıxış edən təcrübəli qapıçı yeni klubunun rəsmi saytına müsahibəsində “Xəzər Lənkəran”da baş məşqçi dəyişikliyinin keçidinə böyük təsir göstərdiyini bildirib: “Yayda Ağasəlim Mircavadov istefaya gedəndən sonra yeni məşqçi gəldi və o, özü ilə Lənkərana vaxtilə Buxarestin “Dinamo” komandasında birlikdə çalışdığı 6-7 futbolçunu, o cümlədən qapıçını gətirdi. O zaman anladım ki, digər klub axtarmalıyam. “İnter”in nümayəndələri ilə görüşdük, müqaviləni müzakirə etdik və bütün maliyyə şərtlərini razılaşdırdıq. Keçidimin təşəbbüskarı “İnter”in rəhbərliyi və bilavasitə baş məşqçi Kaxaber Sxadadze olub”.

Kramarenko Moskva MOİK-ində qapıçılarla işləyən məşqçi vəzifəsində çalışmaq təklif olduğunu gizlətməyib: “Moskvadan təklif almışdım. Axı, orada mənim mənzilim, ailəm var. Mən razılaşmaq istəyirdim, ancaq ailəmlə məsləhətləşəndən sonra futbolçu karyeramı davam etdirməyə və “İnter”ə keçməyə qərar verdim. Nə qədər ki, gücüm var, oynayacağam! Bu ay 36 yaşım tamam olacaq. Bu yaşda hansı uyğunlaşmadan danışmaq olar? Məni hamı alicənab adam kimi tanıyır. “İnter”də yaxşı, mehriban kollektiv var”.

Dmitri “İnter”də çoxlarını şəxsən tanıdığını bildirib: “Camal Məmmədovu, Nizami Hacıyevi, Valeri Abramidzeni və təbii ki, baş məşqçi Kaxaber Sxadadzeni tanıyıram. Georgi Lomaya yaxşı qapıçıdır. Bir də ki, onunla eyni komandada oynamışıq! O zaman mən karyeramın başlanğıcında onunla Moskva “Dinamo”sunda qarşılaşmışdım. Biz birlikdə 2-3 matç oynadıq. Sonra o, Almaniyaya getdi”.

Yeni komandasının çıxışını qiymətləndirən qapıçı iddialı danışıb. Kramarenko yalnız çempionluq gözlədiyini söyləyib: “Ümumiyyətlə, çempionatda prinsipial mübarizə olacaq. Axı ilk “altılıq”dakı komandalar çox ciddi kökləniblər və yalnız 1-ci yer uğrunda oynayacaqlar. Mən “Neftçi”, “Xəzər-Lənkəran”, “Bakı” və “Qarabağ” komandalarının oyun səviyyələrində böyük fərq görmürəm. Mehriban və güclü kollektivə malik olan komanda qalib gələcək. Həmin komandanın biz olacağına ümid edirəm!”.

Qeyd edək ki, “İnter” ötən mövsüm Kramarenkonun keçmiş komandası ilə mübarizədə qalib gələrək, tarixində 2-ci dəfə çempion oldu.