Türkiyəli futbolçu “Qəbələ”yə qarşı oynamaq istəyir
08.09.2010 - 12:45
Türkiyəli futbolçu “Qəbələ”yə qarşı oynamaq istəyir
“Ayağımdan zədə almışdım. Müəyyən qədər özümü yaxşı hiss edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun türkiyəli futbolçusu Muammer Erdoğdu deyib.

Müdafiəçi Unibank Premyer Liqasının V turunda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” ilə oyun öncəsi məşqlərə başlayıb. Ancaq Muammer özünü oyuna tam hazır saymır: “2-3 gündür məşq edirəm. 20 gün yaşıl meydanlardan kənarda qaldığım üçün formamdan bir qədər uzağam. Ancaq “Qəbələ”yə qarşı oyunda meydana çıxmaq istəyirəm. Baş məşqçi Sakit Alıyev şans versə, sonradan da olsa, oyuna qoşulmaq istəyirəm”.

Rəqiblə bağlı fikirlərini də açıqlayan Erdoğdu doğma meydan amilindən yararlanmağın vacib olduğunu deyib: “Udmağımız gərək olan oyundur. Onlar turnir cədvəlində bizdən geridədirlər. Ancaq yaxşı məşqçiləri və oyunçuları var. Doğma meydanda oynadığımız görə, bundan istifadə etməli, 3 xal qazanmalıyıq. Komanda buna köklənib. İnşallah, istəyimizə nail olarıq”.