“Barselona” ilə “Real”ın fərqi
10.09.2010 - 13:36
“Barselona” ilə “Real”ın fərqi
Avropanın ən çox sevilən klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın məşhur “Sport Markt” marketinq agentliyi araşdırmalarının nəticələrini elan edib. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun həmyerlilərinin hesablamalarına əsasən Köhnə qitənin “birinci”si “Barselona”dır. İspaniya çempionun Avropadakı azarkeşlərinin sayı 57,8 milyon nəfərdir. Bir il əvvəlki ilə müqayisədə 13,6 milyon pərəstişkar qazanan kataloniyalılar izləyiciləri ilə fərqi artırıb.

“Barselona”nın ən yaxın izləyicisi isə əzəli rəqibi “Real”dır. Son bir ildə 10 milyon azarkeş itirən Madrid təmsilçisi 31,3 milyonluq pərəstişkar “ordu”su ilə ikinci pillədə qalıb. Siyahıdakı növbəti iki pilləni isə İngiltərə klubları tutur. “Mançester Yunayted” 31,6, “Çelsi” isə 21,4 milyon azarkeşi ilə öyünə bilər. Ən böyük sıçrayışa nail olan “Bavariya” isə 20,7 milyon fanatı ilə 9-cu yerdən ilk “beşliy”ə qədər irəliləyib. Maraqlıdır ki, bu azarkeşlərin yarıdan çoxu – 10,7 milyonu Almaniyadan kənardadır.