Bəhreynin futbol yığması ilə oyunda meydana saxta Toqo yığması çıxıb
11.09.2010 - 12:40
Bəhreynin futbol yığması ilə oyunda meydana saxta Toqo yığması çıxıb
Sentyabrın 7-də evdə Toqo milli futbol komandası ilə yoldaşlıq görüşü keçirən Bəhreyn yığması fırıldağın qurbanı olub. Apasport.az saytının məlumatına görə, oyundan sonra məlum olub ki, əsl Toqo yığmasının yerinə naməlum futbolçulardan ibarət komanda oynayıb. Bəhreyn Futbol Federasiyasını özünü futbol agenti kimi təqdim edən şəxs aldadıb. Saxtakar agent oyunun təşkilatçılığını üzərinə götürüb və Manamaya sentyabrın 4-də Afrika Millətlər Kubokunda Botsvanaya 1:2 hesabı ilə uduzan Toqo yığmasına heç bir aidiyyəti olmayan komandanı gətirib. İndi o, guya yığma üzvləri olan futbolçularla birgə axtarışdadır.

Bəhreyn Futbol Federasiyasının adı çəkilməyən nümayəndəsinin sözlərinə görə, böyük hesabla uduzan (0:3) toqoluların bərbad oyunu onları təəccübləndirib: “Ancaq biz saxtakar komanda ilə görüşdüyümüzü başa düşəndə təəccübümüz daha da artdı”.

Toqonun İdman Naziri Kristof Çao bəhreynli həmkarından az təəccüblənməyib: “Bizdə heç kim, ümumiyyətlə bu oyun haqda bilmirdi. Biz günahkar şəxslərin tapılması üçün dərindən araşdırma aparacağıq”.

Qeyd edək ki, Bəhreyn-Toqo yığmasının oyununun nəticəsi bir müddət FİFA-nın rəsmi saytında da yer alıb. Əlavə edək ki, “Bakı”nın bu yay transfer etdiyi toqolu müdafiəçi Dare Nibombe Botsvana ilə oyundan sonra klubunun düşərgəsinə qayıdıb.