“Neftçi” “Xəzər Lənkəran”dan liderliyi geri almaq istəyir
13.09.2010 - 12:58
“Neftçi” “Xəzər Lənkəran”dan liderliyi geri almaq istəyir
Sabah Unibank Premyer Liqasında V tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, təqvimə əsasən ötən şənbə günü keçirilməli olan “Neftçi” - “Muğan” oyunu üç gün sonraya təxirə salınıb. Buna səbəb həmin gün Bakıya güclü yağışların yağması nəticəsində Tofiq Bəhramov adına Respublika stadionunun yararsız vəziyyətə düşməsi olub. Məcburi istirahət etməli olan komandalar sabah meydanda görüşəcək.

Mövsümə inamlı başlayan “Neftçi” uduzmayan üç komandadan biridir. Startda “Qarabağ”la evdə 1:1 hesablı bərabərliyə qalan “ağ-qaralar” daha sonra qələbələri sıralayıb. Nəticədə liderliyə yüksələn komanda eyni xala malik “Xəzər Lənkəran”ı daha yaxşı top fərqinə görə qabaqlayıb. Ancaq “Muğan”la oyunun təxirə salınması və lənkəranlıların qələbə qazanması “Neftçi”nin 2-ci pilləyə düşməsi ilə nəticələnib.

Arif Əsədovun çalışdırdığı komandaya liderliyi qaytarmaq üçün istənilən hesablı qələbə yetərlidir. Çünki “Xəzər Lənkəran” MOİK-ə böyük hesabla (3:0) qalib gəlsə də, top fərqində prinsipial rəqibindən geri qalır. “Neftçi”nin və çempionatımızın bombardiri (6 qol) olan türkmənistanlı hücumçu Bahodir Nasimov da qol seriyasını davam etdirməlidir. Hər halda, “AZAL”-da oynayan litvalı həmkarı Qvidas Yuşka son turda etdiyi dublla bombardirlər yarışında 2-ci yerə yüksəlib və fərqi 2-yə endirib.

Ötən mövsümlə müqayisədə transfer bazarında daha fəal olan “Muğan” hələ ki qeyri-sabit oynayır. Düzdür, komanda hazırda turnir cədvəlində 5-ci yerdədir və “Neftçi”yə uduzsa belə, mövqeyini ən azı gələn tura kimi əldən verməyəcək. Ancaq salyanlılar son ölkə kubokunun qalibi olan “Bakı” üzərində qələbə ilə öyünə bilər. Bu mənada “Neftçi” ilə səfər oyunu bosniyalı mütəxəssis Almir Hurtiçin baş məşqçisi olduğu “Muğan” üçün yaxşı sınaq olacaq. Ötən mövsümün gedişində köməkçi məşqçidən baş məşqçi postuna keçən Əsədovla Hurtiçin hər ikisi 1970-ci il təvəllüdlüdür. Əsədov ilk “altılıq”da “Neftçi”nin sükanı arxasına keçdiyindən, “Muğan” isə ora düşmədiyindən, həmyaşıdı ilə ilk dəfə görüşəcək.

Unibank Premyer Liqası
V turdan təxirə salınan oyun
14 sentyabr


19:00. “Neftçi” - “Muğan”

Hakimlər: Ramil Diniyev, Roman Vasilyev, Munis Abdullayev, Elnur Muradov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu