Elnur Allahverdiyev: Adam futbolla vidalaşmaq istəyir
13.09.2010 - 13:29
Elnur Allahverdiyev: Adam futbolla vidalaşmaq istəyir
“Bütün oyunlara ciddi hazırlaşırıq. Rəqibimizin iddialı və ya autsayder olmasının bizim üçün fərqi yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.

Unibank Premyer Liqasının V turunda MOİK-lə üz-üzə gələn əyalət təmsilçisi böyük hesablı qələbəyə sevinib. Bununla da turnir cədvəlinin vahid lideri olan Cənub təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib: “Deməzdim ki, çətin və gərgin oyun keçdi. Ancaq istənilən halda biz qələbəyə layiq idik. Hesab böyük də ola bilərdi. Həm də meydança pis vəziyyətdə idi. Bu cür yerdə yaxşı oynamaq mümkün deyil”.

Mirça Rednikin yetirmələrinin arxada qalan 5 oyunda qapısından top buraxmayıb. Millinin də formasını geyinən Allahverdiyev bunu yalnız müdafiənin hesabına yazmaqla razı deyil: “Futbol kollektiv oyundur. Burda tək müdafiəçilərin yox, qapıçıdan tutmuş məşqçiyə qədər hamının əməyi var. Komanda gündə-günə də inkişaf edir”.

Yığmanın düşərgəsindən döndükdən sonra özündə yorğunluq hiss etməyən müdafiəçi əsas problemin Almaniyaya 1:6 hesablı məğlubiyyətdən sonrakı psixoloji hazırlıqda olduğunu deyib: “Yorğunluq yox, psixoloji gərginlik var idi. Adam futbolla vidalaşmaq istəyir. Almaniyada çox pis oynadıq. Nə bilim, inşallah, qarşıdakı oyunlarda özümüzü toparlayarıq”.