“Bu oyunla nəinki çempion, heç mükafatçılar sırasına da düşmək olmaz”
13.09.2010 - 13:47
“Bu oyunla nəinki çempion, heç mükafatçılar sırasına da düşmək olmaz”
“AZAL-a yaraşmayan oyun oldu. Birinci hissədə çox pis oynadıq. Ola bilsin, bu, meydana arxayın çıxmağımızla bağlıdır. Ancaq fasilədən sonra öz oyunumuzu oynadıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın müdafiəçisi Elvin Əliyev deyib.

Unibank Premyer Liqasının son oyunda autsayderlərdən olan “Simurq”la qarşılaşana paytaxt təmsilçisi 2:1 hesablı ilə qələbə qazanıb. Oyun baxımından heç də yaxşı təsir bağışlamayan “təyyarəçilər” zəif rəqiblərə qarşı konsentrasiya ola bilmir: “Bu oyunla nəinki çempion, heç mükafatçılar sırasına da düşmək olmaz. “Xəzər Lənkəran”la görüşdə nəyə qadir olduğumuzu göstərdik. Ancaq bu dəfə zəif oynadıq. Bu da “Simurq”u zəif rəqib kimi dəyərləndirməyimizlə bağlı idi. Yaxşı komandamız var. Güclü klublara qarşı yüksək səviyyədə oynayırıq”.

Müdafiəçi komandanın meydana arxayın çıxmasında məşqçilərin günahının olmadığını deyib: “Məşqçi nə qədər ciddi yanaşmağımızı tapşırsa da, futbolçu özü-özünü oyuna hazırlamalıdır. Rəqibə üstdən aşağı baxmaq olmaz. Bu, ikinci belə oyunumuzdur. “Turan”la qarşılaşmada da zəif çıxış etmişdik. Həm də nəzərə almaq lazımdır ki, asan oyun yoxdur. Bütün komandalar xal qazanmaq üçün mübarizə aparırlar”.

Qeyd edək ki, AZAL-ın 5 oyundan sonra aktivində 10 xalı var.